Prezident İlham Əliyev: “İndi Ermənistan çox acı məğlubiyyətlə üzləşəndə onlar atəşkəs üçün yalvarırlar”

Biz müharibənin başlanmasına görə məsul deyilik. Biz Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan ordusunun fiziki hücumuna məruz qalmışdıq. Bundan əlavə, Ermənistandakı indiki rejim danışıqlar prosesini məhv etmək üçün hər bir şeyi etmişdir.

Prezident İlham Əliyev bu sözləri oktyabrın 7-də “Euronews” televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, bir il əvvəl Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazisində keçirilən aksiyada “Qarabağ Ermənistandır” bəyan etməklə, əslində, faktiki olaraq danışıqlar prosesini məhv etdi: “Çünki danışıqlar masasında olan və münaqişənin həlli üçün əsas təşkil edən prinsiplər işğal altındakı ərazilərin Azərbaycana qaytarılmasını tələb edir. Ermənistanın baş naziri Azərbaycana bir santimetr torpağın belə qaytarılmayacağını, “Qarabağ Ermənistandır” deyəndə, onlar Cenevrə Konvensiyasının kobud pozuntusu sayılan əcnəbi şəxslərin işğal olunmuş ərazilərdə məskunlaşmasını təşkil edəndə danışıqlar prosesini məhv edirlər. Bundan sonra bizi buna görə günahlandırmaq üçün onlar bizə üç dəfə - iyul, avqust və sentyabr aylarında hücum edirlər. Biz onları döyüş meydanında məğlub etdikdə onlar Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar. Biz dayanmaq istəyirik, lakin biz işğalın dayanmasını istəyirik. Buna görə Ermənistanın ünvanına əsas mesaj ondan ibarət olmalıdır ki, biz Ermənistanın torpağında deyilik, biz öz torpağımızdayıq”.

“Euronews” müxbirinin atəşkəs elan edilməsinin mümkünlüyü barədə sualına cavabında Azərbaycan Prezidenti deyib: “Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir. Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan bizə hücum etdi, bizim hərbi mövqelərimizə hücum etdi, infrastruktura ziyan vurdu, mülki şəxslərə hücum etdi. İndiyədək demək olar ki, 30 mülki şəxsimiz Ermənistanın hücumu, o cümlədən ballistik mərmi və kasetli bombalarla törədilmiş hücum nəticəsində həlak olub.

Bizim əks-hücumumuz uğurlu oldu. Biz işğal olunmuş ərazilərimizin bir hissəsini azad etməyə müvəffəq olduq. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir. Düşünürəm ki, bundan sonra atəşkəsin əldə olunmasına cəhd göstərilməlidir”.

Prezident bir daha vurğulayıb ki, Ermənistan uzun illər qoşunlarının tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq status-kvonu dəyişməz olaraq saxlamaq istəyib: “Minsk qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status-kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq”.

Sentyabrın 27-də atəşkəsin məhz erməni tərəfdən pozulduğunu bildirən Azərbaycan rəhbəri deyib: “Onlar bizim şəhər və kəndlərimizə hücum etdilər və biz cavab verməli olduq. Lakin bizim cavabımız əsasən və başlıca olaraq onların hərbi mövqelərinə, tanklarına və silahlarına oldu. Bizim döyüş meydanında etdiklərimiz internetdə var. Bizim dronlarımız və digər avadanlıqlarımız yalnız işğal olunmuş ərazilərdə hərbi hədəfləri məhv edir”.

Ermənistan ordusunun isə Azərbaycanın mülki əhalisini,  mülki infrastrukturu atəşə tutduğunu vurğulayan İlham Əliyev qeyd edib ki, sentyabrın 27-də səhər onların etdiyi ilk iş oldu. Ötən müddətdə şəhər və kəndlərin atəşə tutulması nəticəsində 900 ev tamamilə dağılıb və ya zərər çəkib, mülki şəxslər arasında çox sayda tələfat və yaralı insanlar var. İndi Ermənistan çox acı məğlubiyyətlə üzləşəndə onlar atəşkəs üçün yalvarırlar.

Türkiyənin münaqişədə iştirakı barədə suala cavab olaraq Azərbaycan Prezidenti bildirib ki, bu, tamamilə yanlış informasiyadır. Türkiyə bizim üçün güclü müttəfiq, tərəfdaş və qardaş ölkədir. Əlbəttə ki, onların verdiyi bəyanatlar onların mövqeyini ifadə edir və biz bu dəstəyə görə Türkiyə hökumətinə, Türkiyə Prezidentinə və Türkiyə xalqına minnətdarıq: “Lakin Türkiyə heç bir digər şəkildə bu münaqişəyə cəlb olunmayıb. Ermənistan mediaya belə feyk xəbərlər yaymaqla Azərbaycan Ordusunun bacarığını azaltmaq istəyir. Biz özümüz savaşırıq. Bəli, biz Türkiyədən silahlar alırıq, lakin biz təkcə onlardan almırıq. Bizim əsas silah təchizatçımız Türkiyə deyil. Yəqin bu barədə hər kəs bilir. Beləliklə, bizim müasir türk avadanlığını, o cümlədən döyüş dronlarını almağımız faktı heç kim üçün problem olmamalıdır”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bu münaqişəni dinc vasitələrlə, danışıqlar masasında həll etmək üçün çox səbir edib, daim konstruktivlik göstərib: “Prezidentlik müddətimdə Ermənistanın iki sabiq prezidenti və indiki baş naziri ilə bəlkə də onlarca danışıq aparmışam. Əvvəlki debatlar ərzində biz danışıqlar masasında əsaslı irəliləyişə nail olmuşduq. Biz bugünkü münaqişənin həlli üçün prinsipləri işləyib hazırlamışdıq. Biz konstruktiv idik. Danışıqlar 1992-ci ildən bəri davam edirdi. Təsəvvür edirsiniz? Demək olar ki, 30 il müddətində biz ümidlərlə yaşayırdıq. Vasitəçilər bizə “bir az gözləyin, Ermənistan tərəfindən daha konstruktiv yanaşma olmalıdır” deyirdilər. Lakin iki il bundan əvvəl dövlət çevrilişi nəticəsində bu baş nazir hakimiyyətə gələndən sonra danışıqlar prosesini tamamilə məhv etdi. Mənim onunla dəfələrlə görüşlərim olmuşdur, lakin bu görüşlər tamamilə mənasız idi. O, mənə əraziləri geri qaytarmayacaqlarını dedi, onlar Dağlıq Qarabağın Ermənistana birləşməli olduğunu deyirdi. Beləliklə, bunlar mənim üçün tamamilə qəbuledilməz tələblər idi və onlar vasitəçilər üçün də qəbuledilməz idi. Ermənistan hökuməti mövqeyini dəyişməlidir, maksimalist mövqeyindən çəkinməlidir, “Qarabağ Ermənistandır” deməyi dayandırmalıdır. Çünki bu, həqiqət deyil, danışıqlar prosesini məhv edir və əlbəttə ki, biz geriləyirik. Yeri gəlmişkən, sabah (8 oktyabr – red.) bizim Xarici İşlər nazirimiz Minsk qrupunun səfirləri ilə görüşmək üçün Cenevrədə olacaq. Mən bildiyim qədər, Ermənistanın xarici işlər naziri oraya ayın əvvəlində getməli idi, lakin o, buna məhəl qoymadı. O, orada deyil. Bizim Xarici İşlər nazirimiz oradadır. Bu, kimin danışıqlar aparmaq istədiyini, kiminsə, sadəcə, Azərbaycanı günahlandırmaq istədiyini nümayiş etdirir”.