“Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır”

“Məlumdur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, bu müqavilə çərçivəsində bizim Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Biz çox təəssüflənirik ki, döyüş əməliyyatları indiyədək davam edir, bu əməliyyatlar Ermənistan ərazisində aparılmır”.

Rusiya Prezidenti Vladimir Putin bu barədə “Rossiya-1” telekanalına müsahibəsində bildirib. Rusiya Prezidenti Dağlıq Qarabağ ətrafındakı son hadisələri necə dəyərləndirir sualının cavabında deyib: “Bu, faciədir, biz çox narahatıq. Azərbaycan da, Ermənistan da, Dağlıq Qarabağ da – bütün bu ərazilərdə yaşayan insanlar bizə yad deyillər. Bunu demək kifayətdir ki, bizim hesablamalara görə bizdə, Rusiyada təqribən 2 milyon azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. Rusiyanın çoxsaylı vətəndaşları hər iki respublika ilə sıx dostluq və hətta qohumluq əlaqələri saxlayır.

Əlbəttə, bu, böyük faciədir. İnsanlar həlak olur, hər iki tərəf böyük itkilər verir. Biz ümid edirik ki, ən yaxın zamanda bu münaqişə dayandırılacaq. Lakin əgər münaqişə tamamilə başa çatmasa, – hər şeydən görünür ki, bu, hələ tezliklə olmayacaq, – hər halda biz atəşkəsə çağırırıq, bunu bir daha demək istəyirəm, çağırırıq. Özü də bunu mümkün qədər tezliklə etmək lazımdır”.

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində öz öhdəliklərini yerinə yetirməsinə gəldikdə isə, Putin vurğulayıb ki, biz öz öhdəliklərimizi həmişə yerinə yetirmişik, yetiririk və yetirəcəyik: “Bildiyiniz kimi, mən Ermənistanın baş naziri ilə daim canlı əlaqə saxlayıram, Rusiyanın öz müttəfiqlik öhdəliklərini nə dərəcədə yerinə yetirməsi ilə əlaqədar Ermənistan rəhbərliyinin heç bir sualı yoxdur”.

Kremlin mətbuat katibi Dmitri Peskov da jurnalistlərə açıqlamasında Rusiyanın bu xüsusda mövqeyini bir daha diqqətə çatdırıb. O bildirib ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək Ermənistanın müdafiəsinə qalxa bilər, lakin bu öhdəliklər Dağlıq Qarabağa şamil edilmir.

“Təhlükəsizliyin təmin edilməsi baxımından öhdəliklər belədir: əgər KTMT-nin üzvü olan ölkə hər hansı təcavüzə, kənardan hücuma məruz qalarsa, bu halda müqavilə iştirakçıları olan ölkələrin belə dövlətin müdafiəsinə qalxmaq öhdəlikləri var”, – deyə D.Peskov əlavə edib. Mətbuat katibi deyib: “RF Prezidenti Vladimir Putin bu iki məsələni dəqiq izah edib və onların arasında həddi göstərib, KTMT üzrə öhdəliklər Qarabağa şamil edilmir”. Onun sözlərinə görə, Ermənistan ərazisində hansısa döyüş əməliyyatları aparılması barədə məlumat təsdiqlənmir.