İran İslam Respublikasının Prezidenti Həsən Ruhani oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın 27-dən başlayaraq təmas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Azərbaycan tərəfi uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın bir hissəsini işğaldan azad edib.

Dövlətimizin başçısı qeyd edib ki, İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhədboyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın davam edən hərbi təcavüzü və təxribatları regionda sülhün və təhlükəsizliyin təmin olunması işində ən böyük əngəldir.