Hər il Bakıda ənənəvi keçirilən “Jara” beynəlxalq festivalının iştirakçıları, Rusiyada yaşayan gənc azərbaycanlı musiqiçilər Vətən torpaqlarının azadlığı uğrunda gedən savaşla bağlı Ordumuzu, əsgərlərimizi dəstəkləyən paylaşımlar ediblər. “Eminoffisial” “İnstagram” səhifəsi mütəmadi olaraq bu mövzuda xəbərlər paylaşır.

Rauf və Faik dueti – əkiz qardaşların “İnstagram”dakı rəsmi səhifələrində “Qarabağ Azərbaycandır!” paylaşımları, Navaib və Hammali, Qazaxıstanda yaşayan Babək Məmmədrzayev və ifaçı, prodüser, əslən azərbaycanlı Jah Khalibin (əsl adı Bəxtiyar Məmmədov) “Üzeyir ömrü” filmindən kadrlarla məşhur “Bayatı-Şiraz” muğamını paylaşması isə yüz minlərlə baxış yığıb.

Moskvadan Jony, Emin Ağalarovun rəsmi səhifəsi, Rüstəm Hacıyev və başqalarının paylaşımları diqqət çəkir. Mənfur düşmənin bu paylaşımlara qarşı yazdıqları rəyləri isə Azərbaycan vətəndaşları Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin səsləndirdiyi fikirlərlə cavablandırıblar. UAFA təşkilatının rəhbəri Gwen Burchellin öz rəsmi səhifəsindən dünya mətbuatının Azərbaycanın haqq işini müsəlman-xristian qarşıdurması kimi qələmə verməsini pisləyən paylaşımı, həmçinin yazıçı və prodüser Tomas C.Theinerin “Tvitter” və “İnstagram”da Ermənistanın Azərbaycanı raket atəşinə tutduğunu, Azərbaycanın Ermənistan ərazisində müharibə aparmadığını yazmasını diqqətə çatdırıb. 

Gənclərin qonşu ölkədə populyarlığı və gənclər arasında sevilən ifaçılar olmasını nəzərə alsaq, ölkəmizin həqiqətlərinin çatdırılması, informasiya müharibəsində Azərbaycan tarixini, ermənilərin təxribatlarını faktlarla təqdim etmələrini hazırkı məqamda uğurlu fəaliyyət kimi dəyərləndirmək olar.

Lalə AZƏRİ