Cəbhə xəttində döyüşlərin başlandığı gündən indiyədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) bütün cəbhəboyu yaşayış məntəqələrində partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üzrə gecə və gündüz əməliyyatlar aparır.

ANAMA-nın əməliyyat meneceri Mədət Məmmədov bildirib ki, düşmən tərəfindən atılmış və partlamamış sursatların zərərsizləşdirilməsi və təmizlənməsi həyata keçirilir. Bundan başqa, əhali ilə maarifləndirici söhbətlər aparılır. Hazırda ANAMA-nın 24 qrupu regionda çalışır.

M.Məmmədov qeyd edib ki, bu günlərdə düşmən tərəfindən Goranboy rayonu ərazisinə “Smerç” sistemindən atılmış raket başlığının partlaması nəticəsində onun içərisində olan bombletlər 200 metr radiusda səpələnib. Hazırda ANAMA ərazidə təmizləmə əməliyyatları aparır. Əməliyyatlar çətin və mürəkkəb şəraitdə aparılır və gərgin iş tələb edir. Bu bombalar silahlar arasında ən təhlükəli olanlardandır.

Agentliyin Mina maarifləndirmə şöbəsi də regionlarda əhali ilə sıx təmasdadır. Atılıb partlamamış sursatlarla bağlı, həmçinin düşmən tərəfindən qadağan olunmuş kaset bombaları, müxtəlif və ən çox istifadə edilən bombaların və partlamamış hərbi sursatların şəkilləri göstərilir və əhaliyə məlumatlar verilir.