Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə hüquq elmləri doktoru, professor, diplomat Namiq Əliyevin “XIX-XX əsrlərdə Cənubi Qafqaz üzrə beynəlxalq müqavilələr və ermənilərin köçürülməsi” kitabı rus dilində çap olunub.

Kitabda Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsi haqqında Kürəkçay müqaviləsinin (1805), habelə İran-Rusiya müharibələrinin yekunu və Azərbaycan torpaqlarının Araz çayı boyunca şimal və cənuba bölünməsi ilə bağlı Gülüstan (1813) və Türkmənçay (1828), eləcə də 1921-ci ildə Sovet Rusiyası, Türkiyə və Cənubi Qafqaz respublikalarının iştirakı ilə bağanmış Moskva və Qars müqavilələri və onların imzalanmasına səbəb olan tarixi hadisələrdən bəhs olunur, bu müqavilələrin siyasi-hüquqi mahiyyəti və Azərbaycan üçün nəticələri açıqlanır.

Müəllif tərəfindən ermənilərin Cənubi Qafqaza ekspansiyasına, eləcə də Azərbaycanın ərazi bütövlüyünə, o cümlədən hazırda Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ torpaqlarına dair faktların tarixi-hüquqi təhlili aparılıb.

Kitab bu gün Qarabağ ətrafında cərəyan edən hadisələrin köklərini daha dərindən anlamağa, ermənilərin Azərbaycanın tarixi torpaqlarına köçürülməsi siyasətinin ümumi mənzərəsini yenidən nəzərdən keçirməyə imkan verir.