“Mənim üçün pis xalq və pis insan olmayıb. Biz də müharibə istəmirik. Biz də övladlarımızın yetim, evsiz qalmasını istəmirik. Sovet İttifaqında olduğu kimi bir yerdə yaşamaq istəyirik”.

Bu sözləri Azərbaycan Ordusunun işğalçı qüvvələrə qarşı əks-hücum əməliyyatı zamanı döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan Bakıda mətbuat konfransında deyib.

Mətbuat konfransında iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bildirib ki, Düşənbədə anadan olmuş Aznif Baqdasaryanın nənəsi vaxtilə Bakıda yaşayıb və o da hər yay Bakıya nənəsinin yanına gəlib. A.Sofiyeva Prezident İlham Əliyevin bəyan etdiyi sözləri diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Ordusunun dinc əhali ilə heç bir işi yoxdur. Bizim məqsədimiz işğal altındakı torpaqlarımızı azad etməkdir.

A.Baqdasaryan mülki şəxs kimi ona normal münasibət göstərildiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də onunla mehriban davrandığını söyləyib: “Mənə xoş xatirələrimin olduğu Bakını göstərdilər. İki xalqın yenə dostluq və sülh şəraitində yaşamasını istəyirəm”.

A.Baqdasaryan işğal olunmuş ərazidə mağazada işlədiyini, bombardman zamanı huşunu itirdiyini, sonra isə əraziyə gələn Azərbaycan əsgərləri tərəfindən təxliyə edildiyini deyib.

Onu da qeyd edək ki, xilaskar Azərbaycan əsgərinin humanizmini görən erməni qadının vaxtilə sosial şəbəkələrdə hərbi geyimdə fotolar paylaşdığı da bildirilir. Bu da bizim göstərdiyimiz humanizmə qarşı növbəti erməni riyakarlığı...