Bu gün hər bir azərbaycanlının arzusu üçrəngli bayrağımızı işğal olunmuş torpaqlarda dalğalanan görməkdir. Bayraq müqəddəsdir! Yaradıcı insan üçün isə bayraq vətən sevgisinin bariz ifadəsidir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Əməkdar müəllim Adilə Yusifovanın simfonik orkestr, xor və uşaq xoru üçün yazdığı “Azərbaycan bayrağı” (sözləri R.Mirzəyevanındır) kantatası kimi.
Əsərin ictimaiyyətə təqdimatı 2020-ci ilin aprel ayı üçün nəzərdə tutulmuşdu. Lakin məlum səbəblərdən premyera qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Əsərin ideyası barədə bəstəkar deyib: “Şeir məni özünə çox cəlb etdi. Müəllifin dediyi kimi, “Oddan-alovdan keçən, uğrunda al qan tökülən” bayrağımızı bu gün biz gənc nəslə, qəlbi vətən sevgisi ilə çırpınan mübariz gənclərə ötürürük. Arzu edirik ki, bu bayraq daim Azərbaycan səmasında dalğalansın”.
Bəstəkarın bu ideyası kantatanın formasını şərtləndirir. Kantatanı əvvəlcə böyük xor ifa edir, sonra isə uşaq xoru davam etdirir. Sonda verilmiş xanəndənin solosu isə Vətənə, bayrağa olan lirik etirafı daha da qeyri-adi təqdim edir.
Adilə Yusifova bildirib ki, vətənpərvərlik hisslərini təkcə pafoslu deyil, lirik, şairanə tərzdə də ifadə etmək mümkündür. Ümid edək ki, “Azərbaycan bayrağı” kantatası tezliklə Qələbə bayramında ifa olunacaq.