Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biridir. Qarabağ abidələri təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin səhifələridir.

XX əsrin sonlarında Ermənistanın törətdiyi təxribat fəaliyyəti, Azərbaycana qarşı başlatdığı işğalçılıq müharibəsi Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altında qoydu. Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmadı.

İşğal altındakı torpaqlarımızda davam edən erməni vandalizmi Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv edib. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan Xocalı qəbiristanlığını texnika vasitəsilə darmadağın ediblər. Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən siliblər. Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrilib.

Qarabağın tarixi abidələrinin məhv edilməsi mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır.

Bu irsin tanıdılması məqsədilə Milli Kitabxana əməkdaşları tərəfindən “Qarabağ abidələri” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Qarabağ bölgəsinin qədim yaşayış məskənləri, xəritələr, fotolar, tarixi-memarlıq abidələri və onlar haqqında məlumatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_abideleri/index.htm linkindən istifadə edə bilərlər.