Fransa portalında Ermənistan-Azərbaycan münaqişəsi haqqında yazı

Son bombardmanlar nəticəsində Azərbaycan mədəni irsinin məhv edilməsi ölkə vətəndaşlarını şoka salıb. UNESCO-nun mədəni irs siyahısına salınmış mədəni irs nümunələri böyük təhlükə altındadır.

Tarixçilər və arxeoloqlar “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü ildə Haaqa Konvensiyasını, UNESCO-nun “Dünya mədəni və təbii irsinin qorunması haqqında” 1972-ci il Konvensiyasını bir daha xatırladırlar. Ziyalılar qədim tarix və mədəniyyət mərkəzi olan Gəncə şəhərinin raket hücumuna məruz qalmasından qəzəblənirlər.

Bu fikirlər Fransanın “Agoravox” portalında dərc olunmuş “Ermənistan-Azərbaycan münaqişəsi: əgər obyektiv yanaşmağa çalışsaydıq?” adlı məqalədə yer alıb.

Məqalə jurnalistləri və tarixçiləri mühakimə yürütməzdən əvvəl obyektiv olaraq hər iki tərəfin mənbələrinə istinad etməyə, reallığı yaxından tanımağa çağırır. Yazıda sentyabrın 27-də başlayan müharibə haqqında məlumat verilib, Ermənistanın ölkəmizin Dağlıq Qarabağ bölgəsindən çox uzaqda yerləşən Gəncə, Mingəçevir şəhərlərini hədəfə alaraq kaset bombalarla hücum etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan öz torpaqlarının azadlığı uğrunda mübarizə aparır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunan  4 qətnaməsinə baxmayaraq, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Bəzi informasiya vasitələrində səsləndirilən “xristian Ermənistanı və müsəlman Azərbaycanı arasında döyüşlər” ideyasının ölkəmiz tərəfindən rədd edildiyi vurğulanıb. Azərbaycanın multikultural ölkə olduğu, müxtəlif xalqların, dinlərin nümayəndələrinin birgə mehriban yaşadığı diqqətə çatdırılıb.