Azərbaycanın bəşəriyyət üçün son dərəcə əhəmiyyətli olan mədəni irsi erməni silahlı qüvvələri tərəfindən hədəfə alınıb. Münaqişə bölgəsindən xeyli uzaqda yerləşən, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncə şəhərinin bombalanması da buna misaldır. Mədəni irsi hərbi hədəfə almaq qəbuledilməzdir. Bu vandalizm aktları beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı və dərhal dayandırılmalıdır.

Bu fikirləri UNESCO yanında Azərbaycan Daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev “Opinion-İnternationale” portalında dərc olunan yazıda ifadə edib.

 “Məhz bu səbəbdən UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi beynəlxalq ictimaiyyəti bu vandalizm aktlarına son qoymağa və münaqişə çərçivəsində Ermənistan hakimiyyəti tərəfindən açıq şəkildə pozulan 1954-cü il Haaqa Konvensiyasına, eləcə də 1949-cu il Cenevrə Konvensiyasına riayət etməyə çağırır”, - deyə A.Qocayev diqqətə çatdırıb.

Bildirilib ki, Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycanın mədəni zənginliyi və irsi ilə təsdiqlənən bir neçə minillik tarixi var. Buna görə də mədəni irsin qorunub saxlanılması və mühafizəsi dövlətin əsas prioritetlərindəndir. Sərhədlərindən uzaqlarda da Azərbaycan Luvr Muzeyi, Versal qəsri, Strasburq katedralı, Müqəddəs Hilaire de Gerard kilsəsi kimi tarixi və dini abidələrin qorunub saxlanması sahəsində beynəlxalq əməkdaşlıq siyasətini daima inkişaf etdirir.

Diqqətə çatdırılıb ki, sadalanan bütün bu müfəssəl məlumatların fonunda Dağlıq Qarabağdakı münaqişənin təfsiri tamamilə fərqlidir. Media və siyasi münasibət Azərbaycanın əsl tolerantlıq və mədəniyyət ölkəsi olduğunu unutmamalı və gizlətməməlidir.

Məqalədə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məkanları, tibb ocaqları, məktəblər, tarixi və mədəniyyət, eləcə də mədəni irs abidələrinin hədəfə alınması bu ölkənin təcavüzkar siyasətinin uzun illər cəzasız qalmasının nəticəsidir.