İşğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını oktyabrın 11-i gecə saatlarında raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Hazırda dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi işləri davam etdirilir.

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın və Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının növbəti bariz göstəricisidir. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması işğalçı ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir. Ermənistanın dinc əhalini, çoxmənzilli yaşayış binalarını və mülki obyektləri ağır artilleriya və raket atəşinə tutması işğalçı ölkənin dövlət səviyyəsində terror siyasəti yürütməsinin əyani təsdiqidir.

Bununla belə, düşmən törətdiyi cinayətləri həyasızcasına xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir.

Ancaq düşmənin həmişəki kimi, öz çirkin əməllərini, terror cinayətlərini pərdələməyə çalışması cəhdləri bir fayda verməyəcək. Hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və video görüntülər ermənilərin növbəti yalanlarını ifşa etməkdədir.

***

Fransanın “Le Monde” nəşri ermənilərin Gəncə şəhərini raket zərbələri ilə atəşə tutması barədə məqalə dərc edib.

Məqalədə Azərbaycanın rəsmi qurumlarına istinadla qeyd olunur ki, Dağlıq Qarabağda elan edilmiş humanitar atəşkəsə baxmayaraq, bazar günü, oktyabrın 10-dan 11-nə keçən gecə erməni hərbi birləşmələri Gəncə şəhərini atəşə tutub və nəticədə mülki insanlar həlak olub.

“Le Monde” Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter” hesabında paylaşdığı “Erməni hərbi birləşmələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini yenidən raket zərbələrinə məruz qoyub”, - deyə paylaşdığı statusa istinad edib.

***

“Berliner Press” nəşri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinin yaşayış məhəllələrini atəşə tutulmasından yazıb.

Ermənistanın bu müharibə cinayətini Moskvada, Smolensk meydanının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan XİN başçılarının atəşkəs haqda saziş imzalamasından dərhal sonra törətməsi barədə məlumat dünya ictimaiyyətinə çatdırılıb.

Materialda hadisənin baş verdiyi yerdən çəkilmiş fotolar da yer alıb.

***

Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncəyə raket hücumu nəticəsində həlak olanlar və yaralananlar var.

Bu barədə Yaponiyanın JIJIP RESS agentliyi məlumat yayıb. Məlumatda Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsinə istinadla bildirilir ki, hücum nəticəsində 10 nəfər ölüb, daha 33 nəfər yaralanıb.