Azərbaycan Ordusunun işğal altındakı Vətən torpaqlarını azad etdiyi, əsgərlərimizin böyük rəşadət ilə xalqımızın yeni qəhrəmanlıq tarixini yazdığı bu günlərdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” adlı virtual sərgi təqdim edib.

Sərginin məqsədi ordumuza mənəvi dəstək olmaqla, uşaq və yeniyetmələr arasında vətənpərvərlik hisslərini gücləndirmək, kitabxananın fondundan hərb və vətənpərvərlik mövzusunda resurslarla oxucuları tanış etməkdir.

Mövzu çərçivəsində təqdim olunan videoçarxda kitabxananın əməkdaşları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrət və rəşadətindən, Azərbaycan xalqının vətənpərvərlik duyğularından bəhs ediblər. Videoçarxda kitabxananın fondunda olan vətənpərvərlik mövzusunda yazılmış kitablar da təqdim olunub. 

Virtual sərgini Respublika Uşaq Kitabxanasının “Facebook”, “İnstagram”, “Twitter” sosial şəbəkələri, “YouTube” kanalı və rəsmi internet ünvanı (http://clb.az/) vasitəsilə izləmək olar.