Oktyabrın 11-də Türkiyənin paytaxtı Ankarada Azərbaycana növbəti dəstək aksiyası keçirildi. Aksiya Qars-Ardahan-İğdır Dərnəklər Federasiyasının təşkilatçılığı ilə Ankaradakı Güven parkında gerçəkləşdi.

Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqları, dostluq və qardaşlıq çağırışları yazılan plakatlar olan iştirakçılar həmrəylik şüarları səsləndirdilər.

Türkiyə Prezidentinin baş müşaviri, Yerli Düşüncə Dərnəyinin fəxri sədri Yalçın Topçu Ermənistanın məlum atəşkəs razılaşmasını bilərəkdən pozaraq Azərbaycanın yaşayış məskənlərini, eləcə də dinc əhalini atəşə tutmasını kəskin şəkildə qınadı: “Ermənistan silahlı qüvvələri atəşkəs elanından sonra Azərbaycanın Gəncə şəhərinə hücum etdi.  Can Azərbaycanımız igid övladları ilə buna cavab olaraq qərarını verəcək. Cəbhədəki qələbələr bir daha göstərir ki, Azərbaycan əsgəri qərarlıdır. Ya Qarabağ, ya ölüm!”.

TBMM-in üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa etmək istədiyini söylədi: “Bölgədə sülhün bərqərar olunmasının yeganə yolu Qarabağın işğaldan azad olunmasıdır”.

Qars-Ardahan-İğdır Dərnəkləri Federasiyasının sədri Erdoğan Yıldırım Türkiyənin hər zaman və hər yerdə Azərbaycanın yanında olacağını vurğuladı. Təcavüzkar Ermənistanın, qayda, qanun, insani dəyərlər tanımayan terrorçu dövlət olaraq Azərbaycana qarşı ağır cinayətlərini davam etdirdiyini diqqətə çatdırdı. Bildirdi ki, dünya ictimaiyyəti bu quldur dövlətə qarşı gərəkən tədbirləri, nəhayət, görməlidir.

 

İğdırda Qarabağ məhəlləsi

 

Türkiyənin İğdır vilayətinin Mələkli qəsəbəsində bir məhəlləyə Qarabağ adı verilib.

Mələkli qəsəbəsinin bələdiyyə başqanı Eray Coşar bununla bağlı açıqlamasında deyib: “Dağlıq Qarabağ və ona bitişik ərazilərin otuz ilə yaxın zamanda işğal altında saxlanılması Azərbaycan və Türkiyədə eyni böyük problem kimi qəbul olunub. Prezident İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun işğaldan xilas olmaq üçün başladığı müqəddəs hərəkat olduqca qürurvericidir. Azərbaycan Ordusunun düşmən üzərində rəşadətlə əldə etdiyi uğurları böyük sevinclə qarşılayırıq. Bu prosesdə Azərbaycana dəstək vermək məqsədilə biz də öz mövqeyimizi bələdiyyə məclisimizin qərarı ilə təsdiqlədik. Bundan sonra Mələkli qəsəbəsinin mərkəzi məhəlləsi Qarabağ adlandırılacaq. Əslində, bizim bu qərarımız bütün İğdır əhalisinin, Azərbaycansevər bütün vətəndaşlarımızın mövqeyi və arzusudur”.

Mehparə SULTANOVA
Ankara