Müsəlman alimləri təcavüzkarın əməllərini qınayır

Qərargahı Qətərin paytaxtı Doha şəhərində yerləşən, özündə 93 ölkədən minlərlə müsəlman alimi və onlarla qurumu cəmləşdirən Müsəlman Alimlərinin Beynəlxalq Birliyi Ermənistanın təcavüzkar əməllərini qınayan və onu Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkilməyə çağıran bəyanat qəbul edib.

Ölkəmizin Qətərdəki səfirliyindən bildiriblər ki, bəyanatda təşkilat Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini və hərbi təcavüzünü qınayaraq, zülm və işğalın məhvə məhkum olduğunu, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və heç vaxt Ermənistan ərazisi olmadığını vurğulayıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistanı işğal etdiyi ərazilərdən çəkilməyə çağırdığı qeyd olunub.

Diqqətə çatdırılıb ki, BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və sair beynəlxalq qurumların oxşar qərarlarına, eləcə də beynəlxalq hüquqa istinad edilərək, Ermənistan işğalçı və təcavüzkar dövlət hesab olunur.

Təşkilat Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etməyə və bu istiqamətdə danışıqlara başlamağa çağırıb. Həmçinin sülhün və əmin-amanlığın bərqərar olması üçün tərəflər döyüşləri dayandırmağa çağırılıb.