Bu gün hər bir Azərbaycan vətəndaşı doğma yurdumuzun gələcəyi üçün çox narahatdır. Lakin Ordumuzun göstərdiyi qəhrəmanlıq, baş verən bütün tarixi hadisələr bizdə Qələbə sevincinin yaxınlaşmasına böyük inam yaradır.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi də baş verən hadisələri, dövlət başçımızın inamlı və qətiyyətli çıxışlarını diqqətlə izləyir, qəhrəman Ordumuza mənəvi dəstək olur. Kollektiv könüllü olaraq Azərbaycan Ordusuna dəstək olmaq üçün Silahlı Qüvvələrin Yardım Fonduna 1500 manat məbləğində pul vəsaiti ianə edib.

***

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ölkəmizin ərazi bütövlüyü uğrunda uğurlu hərbi əməliyyatlar keçirən rəşadətli Ordumuza dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna əməkdaşlarının könüllü iştirakı ilə 5500 manat vəsait köçürüb.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb. Fondun Əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.