Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və tərəfdaşları Azərbaycanın haqq işinə dəstək verir

Dünya bir daha agah olsun ki, Ermənistan bu vaxta qədər işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrini yerinə yetirməyib. Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə edilən hücumlar beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi pozulmasıdır.

Bu sözlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Rosen Plevneliev (2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti), Recep Meydani (1997-2002-ci illərdə Albaniyanın Prezidenti) və Hikmet Çetinin (1991-1994-cü illərdə Türkiyənin Xarici İşlər naziri, 1997-1999-cu illərdə TBMM-in sədri) Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıqları müraciətdə bildirilir.

Müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində, bütün cəbhə boyu artilleriya hücumları qətiyyətlə pislənilir. Vurğulanır ki, 1994-cü ildə qəbul olunmuş atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması və bunun dinc əhalinin həlak olması ilə nəticələnməsi ilk dəfə deyil ki, baş verir.

Qeyd olunur ki, artıq dünyada tanınmış bir instituta çevrilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi öz üzvlərini səfərbər edərək Dağlıq Qarabağ münaqişəsini müttəfiqlərimizin, tərəfdaşlarımızın və xalqlarımızın diqqətinə çatdırır.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə yaradılan və öz ətrafında nüfuzlu dünya liderlərini, sabiq dövlət başçılarını birləşdirən təşkilatdır. Mərkəzin həmsədrləri Latviya Respublikasının sabiq Prezidenti Vaira Vike-Freiberqa və İsgəndəriyyə Kitabxanasının (Misir) direktoru İsmayıl Seragəldindir.

Bu günlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri – Yadranka Kosor (2009-2011-ci illərdə Xorvatiyanın Baş Naziri), Zlatko Laqumciya (2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş Naziri, 2012-2015-ci illərdə Baş Nazirin müavini və Xarici İşlər naziri), Əmr Musa (Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi), Comart Otorbayev (2014-2015-ci illərdə Qırğızıstanın Baş Naziri), Sali Berişa (1992-1997-ci illərdə Albaniyanın Prezidenti, 2005-2013-cü illərdə Baş Naziri), Şövkət Əziz (Pakistan İslam Respublikasının sabiq Baş Naziri), Əbdüləziz Osman Əl-Tuveycri (İCESCO-nun sabiq Baş direktoru, İvo Yosipoviç (2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti), Valdis Zatlers (2007-2011-ci illərdə Latviyanın Prezidenti) və başqalarından da Azərbaycan rəhbərliyinə dəstək məktubları gəlib.

***

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaxın tərəfdaşları olan tanınmış akademiklər Gəncə şəhərinin mülki əhalisinə və mədəni irsinə qarşı Ermənistan ordusunun təcavüzü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

Müraciətdə deyilir: “Hər zaman ədalət, mərhəmət, harmoniya və ümumdünya qardaşlıq tərəfdaşlığını təbliğ edən Nizami Gəncəvinin vətəni olan Gəncənin mülki əhalisinə qarşı Ermənistan silahlı qüvvələrinin hücumlarını kəskin şəkildə qınayırıq. İnsanlardakı fərqliliklərə baxmayaraq, Gəncə şəhəri və Nizaminin məqbərəsi ümumdünya irsinə aid önəmli abidələrdəndir. Bir millətin mədəni irsini hədəfə almaq heç bir şəkildə bəraət qazana bilməz. Ermənistanın zorakılığını kəskin şəkildə qınayırıq, eyni zamanda Birləşmiş Millətlər Təşkilatını və UNESCO-nu öz rollarını oynamağa, bəşəriyyətin irsini xilas etmək üçün tez bir zamanda məsələyə müdaxilə etməyə, Ermənistanın Azərbaycana qarşı təcavüzünü dayandırmaq üçün fəal iştiraka çağırırıq”.