İspaniyanın “LA Razón” qəzetinin elektron versiyasında Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovun “Azərbaycan öz ərazi bütövlüyünü müdafiə edir” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə qeyd olunur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə sentyabrın 27-də əks-hücum və cavab tədbirlərini həyata keçirməyə başlayıb.

Bildirilir ki, Ermənistan silahlı qüvvələri öz ərazisindən çox uzaqda yerləşən və mülki əhalinin sıx məskunlaşdığı Gəncə, Mingəçevir, Beyləqan, Goranboy, Göygöl, Bərdə və digər əraziləri raket atəşinə tutur.

Vurğulanıb ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn prinsip və normalarının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların kobud şəkildə pozulması deməkdir. Yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

***

Norveçin “Utrop” qəzetində Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib. Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının sədri Şervin Nəcəfpurun və AZƏRTAC-ın xüsusi müxbiri Rauf Əliyevin həmmüəllifləri olduqları məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Azərbaycan xalqının ədalətin və beynəlxalq hüququn bərqərar olması uğrunda apardığı mübarizədən ətraflı bəhs edilib.

Məqalədə erməni millətçilərinin tarixən azərbaycanlılara qarşı etnik zəmində törətdikləri soyqırımı faktları barədə məlumat verilir, bu hadisələrin kökündə ərazi iddialarının dayandığı vurğulanır,  Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verilir.

Münaqişənin 2020-ci ildə yenidən aktiv fazaya keçməsinin səbəblərindən bəhs olunan məqalədə Ermənistan hakimiyyətinin son vaxtlar məsuliyyətsiz və danışıqlar prosesinə ciddi xələl gətirən addımlar atdığı və sərt ritorikadan istifadə etdiyi, bu il ilk toqquşmaların münaqişə zonasından uzaqda – Ermənistan-Azərbaycan dövlət sərhədində, Tovuz rayonu ərazində baş verdiyi bildirilir. Qeyd olunur ki, beynəlxalq ictimaiyyətin bu təxribatı həyata keçirən Ermənistana qarşı adekvat davranmaması səbəbindən münaqişə hazırkı hərbi əməliyyatlar müstəvisinə keçib.

Məqalədə baş verən hadisələri işıqlandıran KİV-lərin bitərəf mövqe nümayiş etdirməsi də təəssüf hissi ilə vurğulanır.