Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini yazır. Qəhrəman Silahlı Qüvvələrimiz uzun illərdir Ermənistanın işğalı altında olan Azərbaycanın qədim şeir-sənət beşiyi Qarabağı azad edir. Yağı tapdağından qurtarılan yaşayış məntəqələrimizdə üçrəngli bayrağımız dalğalanır. Ölkəmizin hər yerində xalqımıza bu qüruru yaşadan müzəffər Ordumuza dəstək aksiyaları təşkil olunur, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr edilir.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kürdmaşı kənd Yaradıcılıq evi, “Nur” Qadın inkişaf qrupu və kənd icra nümayəndəliyinin birgə təşəbbüsü ilə müzəffər Ordumuza dəstək məqsədilə bayraq tikilişinə başlanılıb. Bu məqsədlə 4 nəfər peşəkar işçi qadın ayrılıb, onlar üçün uyğun iş şəraiti yaradılıb, lazımi material təşkil olunub. Qadınlar səylə çalışaraq hər gün 30 ədəd bayraq hazırlayırlar. Artıq 400 bayraq tikilərək rayon əhalisinə paylanılıb.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin kollektivi könüllü şəkildə Silahlı Qüvvələrə Yardım Fonduna 19 140 manat köçürüb. Həmçinin idarənin təşəbbüsü ilə mədəniyyət işçiləri könüllü olaraq Kürdəmir rayonunda bir neçə şəhid ailəsinə və aztəminatlı ailələrə ərzaq sovqatı aparıb, mənəvi dəstək olublar.

Regional idarənin tabeliyindəki İmişli rayon Mədəniyyət Mərkəzi, İmişli regional “ASAN Xidmət” mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Əsgərə məktub” adlı tədbir keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri, yeniyetmə və gənclər məktub vasitəsilə Vətənimizin keşiyində ayıq-sayıq dayanan əsgərlərimizə öz ürək sözlərini çatdırıb, onları qələbəyə səsləyiblər.

Mədəniyyət mərkəzinin direktoru Sərvər Şirinov Xalq şairi Məmməd Arazın “Bizi Vətən çağırır” şeirini səsləndirib. O daha sonra Ali Baş Komandan İlham Əliyevin “Biz haqq yolundayıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözlərini diqqətə çatdırıb.

***

Ordumuza dəstək kampaniyasına Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab şəhər Uşaq incəsənət məktəbi də qoşulub. Təhsil ocağı müəllimlərinin iştirakı ilə Silahlı Qüvvələrə Yardım Fonduna 1000 manat ianə edilib.

***

Sumqayıt Dövlət Dram Teatrı da Ordumuza dəstək aksiyasına öz töhfəsini verib. Teatrın rəhbərliyi və kollektivi adından Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edilib. “Biz yaradıcı kollektiv olaraq hər zaman Ali Baş Komandanın, qəhrəman əsgərlərimizin yanındayıq. Bu kiçik  köməyimizlə bildirmək istəyirik ki, ürəyimiz zəfər yürüşünə çıxmış əsgər və zabitlərimizlə birgə döyünür”, – deyə teatrın mətbuat xidmətindən bildirilib.

***

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və idarənin strukturuna daxil olan qurumlarda çalışan əməkdaşların adından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.

İdarədən bildirilib ki, qurum torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlərdə Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 36 min 151 manat ianə edib.

N.MƏMMƏDLİ