Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ bölgəsinin gerçək tarixi və bu ərazinin Ermənistan tərəfindən işğalı haqqında məlumatların beynəlxalq auditoriyaya çatdırılması istiqamətində işlər davam etdirilir.

Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının Sosial və elmi araşdırmalar departamentinin rəhbəri Əli Kəbirli “Vikipedia”nın italyan dili bölməsində Dağlıq Qarabağ haqqında məqaləni əsaslı mənbələrlə redaktə edərək zənginləşdirib. Mətnə etibarlı, əsaslı istinadlarla yeni məlumatlar əlavə edilib.

Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov, Sosial və elmi araşdırmalar departamentinin rəhbəri Əli Kəbirli, departamentin nəzdində fəaliyyət göstərən “Vikipedia” qrupunun könüllüləri italyan dili bölməsində Azərbaycanla bağlı məqalələrin yenilənməsində böyük fəallıq göstərirlər. Bu günə qədər Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair çoxsaylı məqalə qrup tərəfindən zənginləşdirilib. Hazırda bu sahədə fəaliyyət davam etdirilir.