Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad etmək uğrunda başladığı Vətən müharibəsi ilə əlaqədar Mədəniyyət Nazirliyi və Avto FM-in (107.7) dəstəyi ilə yayımlanan “Cinema Radio” kanalı öz efir siyasətində dəyişikliklər edib. Haqq mübarizəmizin ilk günlərindən etibarən dünya kinosunda baş verən yeniliklərdən söhbət açan “Özgə cinema” rubrikasının müddəti azaldılıb, “Doğma cinema” və “Dost cinema” rubrikalarının müddəti isə artırılıb.

Radio kanalından bildirilib ki, bu günlərdə Qarabağ həqiqətlərini bu və ya digər şəkildə çatdırmağa çalışan milli filmlərimizin təbliğinə daha çox yer verilir. Bu filmlərin ərsəyə gəlməsində xidməti olan, Birinci Qarabağ müharibəsində peşə borcunu yerinə yetirmiş kinematoqrafçılarımız studiyaya dəvət edilir. Eyni zamanda gənc nəsil kinematoqrafçılarla Qarabağ mövzusunda söhbətlər aparılır. Bu qəbildən buraxılışlardan birində qonaq olmuş Əməkdar incəsənət xadimi, rejissor-operator Nizami Abbas Birinci Qarabağ müharibəsi dövründə kamerası ilə birlikdə keçdiyi yoldan, döyüş kadrlarını lentə almasından danışıb.

Bundan əlavə, kanalın ayrılmaz hissəsi olan soundtracklər əsasən vətənpərvərlik, hərb tariximizdən bəhs edən filmlərimizdən, o cümlədən bu ruhda çəkilmiş əcnəbi filmlərdən seçilərək dinləyicilərə təqdim edilir. “Fakt Cinema” rubrikası isə, hərbi-vətənpərvərlik, müharibə mövzularında çəkilmiş “Sıravi Rayanı xilas etməli”, “On üç gün”, “Atalarımızın bayrağı”, “Dünkerk”, “1917” kimi əcnəbi ekran əsərlərinin çəkiliş meydançasında yaşanan maraqlı məqamları dinləyicilərin diqqətinə çatdırır.  Qeyd edək ki, “Cinema Radio” kanalı hər şənbə saat 15:00-da, buraxılışın təkrarı isə bazar günü səhər saat 11:00-da Avto FM-də izləyə bilərsiniz.