Türkiyənin Trabzon şəhərində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Mərasimdə Trabzonun Ortahisar rayon bələdiyyəsinin sədri Əhməd Mətin Gənc, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycan Mədəniyyət Nazirliyinin bu qurumdakı nümayəndəsi Elçin Qafarlı və digər rəsmi şəxslər iştirak ediblər.

19x23 metr ölçüsündə üçrəngli, ay-ulduzlu  bayrağımız Ortahisar bələdiyyəsi ərazisində ən yüksək təpə olan Boztəpə istiqamətində 61 metrlik dirək üzərində ucaldılıb. Bayraq dirəyinin hündürlüyünün ölçüsü Trabzonun regional avtomobil seriyasına uyğun seçilib. Bayrağın ucaldılması mərasimi sözləri istiqlal şairimiz Əhməd Cavada, musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus olan “Çırpınırdın, Qara dəniz” mahnısı ilə müşayiət olunub.

Bələdiyyə sədri Əhməd Mətin Gənc bildirib ki, Azərbaycan bayrağını Trabzonun ən mənzərəli, diqqətçəkən təpəsində ucaltmaqda məqsəd müzəffər Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməkdir: “İşğal altındakı Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunması istiqamətində göstərilən səylər, aparılan qəhrəmanlıq mübarizəsi ən ləyaqətli işdir”.

Mehparə SULTANOVA
Ankara