Layihə üzrə növbəti təqdimat Aşıq Pəriyə həsr olunub

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən “Azad olunmuş torpaqlarımızın musiqiçiləri” adlı yeni virtual layihə həyata keçirilir. Layihə çərçivəsində muzeyin sosial şəbəkə hesablarında yağı tapdağından azad olunan torpaqlarımızda yaşayıb-yaratmış musiqi xadimlərinin ömür yolu və yaradıcılığı barədə məlumat təqdim edilir.

Layihə üzrə növbəti təqdimat XIX yüzillikdə Azərbaycan saz-söz mühitinin tanınmış qadın nümayəndələrindən biri də Aşıq Pəriyə həsr olunub. Paylaşımda rəssam Tamilla Dağıstanlının Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasında saxlanılan “Aşıq Pəri” rəsm əsəri (kətan, boya, 100x80) də təqdim edilib.

1811-ci ildə indiki Cəbrayıl rayonunun Maralyan kəndində anadan olan Aşıq Pəri kiçik yaşlarından aşıq şeirinə maraq göstərib. Qısa zaman içində şan-şöhrəti geniş yayılıb və dövrünün aşıqlarının diqqətini cəlb edib. Təxminən 1830-cu ildə Şuşaya köçüb və ömrünün sonuna qədər burada yaşayıb. Firidun bəy Köçərli Aşıq Pəridən bilikli, gözəl bir xanım kimi söz açıb. Mənbələrdə qeyd edilir ki, sənətkar aşıq məclislərində böyük hörmətə sahib olub.

Aşıq Pəri Mirzə Həsən bəy Mirzə, Kərbəlayı Abdulla Canızadə, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq və başqa aşıqlarla, şairlərlə deyişib və uğur qazanıb.

Gözəl şeirləri və hazırcavablığı ilə məşhur olan sənətkar Qarabağ şairlərinin Şuşada keçirilən şeir məclislərinin iştirakçısı olub. Aşıq Pəri təxminən 1847-ci ildə Şuşada vəfat edib.

Aşıq-şairin ədəbi irsi tam şəkildə dövrümüzədək gəlib çatmayıb. Müəllifin əsasən qoşmalardan ibarət 50-dək şeiri elmi-ədəbi ictimaiyyətə məlumdur. Bu şeirlər sadə və anlaşıqlı bir dillə qələmə alınıb. Onun şeirləri ilk dəfə Mirzə Yusif Qarabağinin “Məcmueyi-divani-Vaqif və müasirini-digər” (1856) məcmuəsində, sonralar isə Adolf Berjenin tərtib etdiyi “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” (Leypsiq, 1867) kitabında yer alıb.