Özbəkistanın Ali Təhsil üzrə Nazirliyi, Daşkənddəki Əlişir Nəvai Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təşkilatçılığı ilə oktyabrın 20-də “Özbək dilinin dünyada təbliği üzrə əməkdaşlıq məsələləri” adlı Beynəlxalq onlayn konfrans keçirilib. Konfransda ABŞ, İngiltərə, Kanada, Türkiyə, Rusiya, Koreya, Yaponiyadan tanınmış alimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Daşkənddəki Əlişir Nəvai Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, porfessor Şuxrat Siracəddinov açaraq Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin         sərəncamı ilə hər il 21 oktyabrın ölkədə “Özbək dili günü” kimi qeyd olunduğunu bildirib.  Professor Ş.Siracəddinov özbək dilinin dünyada təbliği ilə bağlı görülən işlər barədə məlumat verib. Türk dil qrupuna aid olan özbək dilinin daha da təkmilləşdirilməsi, təbliği məqsədilə layihələrin həyata keçirildiyini söyləyib.

Daha sonra konfransda ABŞ-ın Özbəkistandakı səfiri Daniel Rosenblum, Çin Xalq Respublikasının Özbəkistandakı səfiri xanım Jiang Yan, Türkiyənin Özbəkistandakı səfiri Mehmet Sureyya Er çıxış edərək ana dilinin hər bir millət, dövlət  üçün əhəmiyyəti haqqında düşüncələrini paylaşaraq, türk dilləri arasında özbək dilinin əhəmiyyəti, onun dövlət səviyyəsində geniş tətbiqi məsələləri haqqında danışıblar.

Konfransda çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov özbək dili bayramı münasibəti ilə iştirakçıları təbrik edib və özbək xalqının Əlişir Nəvai, Zahiriddin Babur, Məşrab, Muqimiy, Nodira Begim, Furkat, Oybek kimi tanınmış şəxsiyyətlərinin öz əvəzsiz əsərlərini məhz bu dildə yaratdıqlarını  qeyd edib. O, Azərbaycan və özbək xalqlarının ana dillərinin Türk dil qrupuna aid edildiyini və bu yaxınlığın xalqlarımız arasında ünsiyyət qurmağımıza yardım etdiyini söyləyib.

Diplomat konfransda çıxış imkanlardan istifadə edərək Azərbaycanın haqq işi, torpaqlarımızın işğalçılardan azad edilməsi haqqında da tədbir iştirakçılarına məlumat verib. O, Ermənistan tərəfindən 30 ildir Azərbaycana qarşı davam edən ərazi iddiaları, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona yaxın yeddi rayonun işğal edilməsi, bütün mədəni sərvətlərin dağıdılması barədə danışıb. S. Abbasov BMT-nin Təhlükəsizlik Şurasının işğala son qoyulması və erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına dair 27 il əvvəl qəbul olunan qətnamələrə Ermənistan tərəfindən əməl əməl edilmədiyini söyləyib. O, oktyabrın 17-nə keçən gecə tərəflər arasında humanitar atəşkəs elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri endirməsi nəticəsində 13 nəfərin həlak olduğunu, 50-dan çox insanın yaralandığını söyləyib. Diplomat Azərbaycan xalqının daim sülhü, dostluğu seçdiyini, lakin müasir dövrdə hər hansı bir təcavüzə, etnik təmizləməyə, işğala və qırğına son qoyulmasının vacib olduğunu bildirib.

Çıxış edən digər natiqlər – Özbəkistan Elmlər Akademiyası Özbək Dili, Ədəbiyyatı və Folklor İnstitutunun direktoru Nizomiddin Mahmudov, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gulchehra Rixsiyeva, Oxford Universitetinin müstəqil araşdırmaçısı Thomas Wellsford, Lomonosov adına Moskva Dövlət Universiteti, Asiya və Afrika İnstitutunun direktor müavini, doktor Darya Zhigulskaya, Tokio Xarici Araşdırmalar Universitetinin professoru Kimura Satoru özbək dilinin zənginliyi haqqında danışaraq, yaradılmış minillik dastanlarda, ölməz əsərlərdə bu dilin öz əksini tapdığını vurğulayıblar. Çıxışlarda özbək dilinin türk dil ailəsində ən böyük dillərdən biri kimi inkişaf etdirilməsi, 50 milyondan artıq insan arasında ünsiyyət vasitəsi olaraq onun təbliği məsələlərinə dair təkliflər səsləndirilib.