Goranboy şəhər Uşaq incəsənət məktəbinin direktoru, Əməkdar müəllim Afaq Axundova 2020-ci il oktyabr ayının 20-də, 65 yaşında vəfat edib.

Afaq Adil qızı Axundova 18 mart 1955-ci ildə Goranboy rayonunda anadan olub.

1972-1976-ci illərdə Ü.Hacıbəyov adına Ağdam Şəhər Musiqi Texnikumunda fortepiano ixtisası üzrə, 1986-1991-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) xor dirijoru və xor fənni ixtisası üzrə təhsil alıb.

1973-1984-cü illərdə Goranboy şəhər Uşaq incəsənət məktəbində fortepiano müəllimi, 1984-cü ilin yanvar ayından noyabr ayınadək həmin məktəbdə tədris işləri üzrə direktor müavini işləyib. O vaxtdan bu təhsil ocağının direktoru vəzifəsində çalışırdı.

Əmək fəaliyyətində nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2006-cı il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin.