Bu günlər müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Qarğabazar kəndini mənfur düşməndən azad etmişdir. Bu münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi "Azad edilmiş torpaqlarımızın musiqiçiləri" rubrikasında bu kəndin yetirməsi olan tanınmış musiqişünas, tarix elmləri namizədi, respublikanın Əməkdar mədəniyyət xadimi Qubad Qasımov haqqında məlumatı təqdim edib.

Qubad Abdulla oğlu Qasımov 1896-cı ildə Cəbrayıl qəzasının Qarğabazar kəndində anadan olmuşdu.

Orta təhsilini doğma kəndlərində almışdı. 1940-1944-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında musiqi elmi-tədqiqat kabinəsinin elmi işçisi, 1944-1945-ci illərdə SSRİ EA Azərbaycan Filialının İncəsənət sektorunun, 1945-ci ilin aprelindən isə Azərbaycan EA-nın İncəsənət İnstitutunun elmi katibi işləmiş, 1955-ci ildən Memarlıq və İncəsənət İnstitutunda teatr və musiqi şöbəsinin müdiri, baş elmi işçi olmuşdu.

Üzeyir Hacıbəyli ilə qohumluq əlaqəsi (bacanağı) olan musiqişünas dahi bəstəkarın ədəbi-publisistik və musiqi yaradıcılığına dair tədqiqatların — "Ü. Hacıbəyov" monoqrafiyası (1945, rusca; 1949, azərbaycanca), "Ü.Hacıbəyov. Biblioqrafiya" (1947), çoxsaylı məqalələrin müəllifi, Azərbaycanın elm və mədəniyyət xadimləri silsiləsindən nəşr edilən "Ü.Hacıbəyov" biblioqrafiyasının (1976, 1985) müəlliflərindən biridir. Üzeyir bəy Hacıbəylinin ədəbi və elmi irsinin toplanması, tərtib və nəşr olunmasında xidmətləri var.

Qubad Qasımov 1993-cü ildə vəfat edib.