Beynəlxalq Muğam Mərkəzi (BMM) Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin dayandırılmasına dair beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

BMM-in əməkdaşlıq etdiyi beynəlxalq qurumlara göndərdiyi müraciətdə diqqətə çatdırılır ki, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində hərbi təxribat törətməsi və Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, yaşayış məntəqələrinə ağır artilleriya atəşləri nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar, mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən maddi mədəni irs nümunələrinə ziyan dəyir.

Müraciətdə Ermənistan erməni silahlı qüvvələrinin münaqişə zonasından təxminən 80 km aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket hücumlarından bəhs edilərək bildirilir ki, oktyabrın 11-də gecə həyata keçirilən hücum zamanı 10 mülki şəxs həyatını itirib, 34 insan yaralanıb, oktyabrın 17-də isə 13 sakin qətlə yetirilib, 50-dən çox insan yaralanıb.

“Ermənistanın bu raket hücumlarının niyyəti məhz dinc və günahsız mülki vətəndaşlara qarşı qəsdən bir terror aktı törətmək idi. Belə vəhşi hərəkətə heç vaxt bəraət qazandırıla bilməz, çünki heç bir amil mülki şəxslərin qəsdən atəşə tutulmasına haqq qazandırmır” – deyə müraciətdə vurğulanır.

Qeyd olunur ki, Gəncə Azərbaycanın ikinci ən böyük şəhəri, bölgənin mədəniyyət mərkəzlərindən biridir. Bura dahi Nizaminin vətənidir. Öz musiqi ənənəsi olan Gəncə həm də muğam sənətimizin beşiyidir. Gəncə Azərbaycan musiqisinə görkəmli adlar bəxş edən diyardır. BMM dəfələrlə Gəncədə təntənəli konsert və yubiley konsertləri təşkil edib. Gəncədə, həmçinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Festivalının konsertləri, Muğam Televiziya Müsabiqəsinin konsertləri hər zaman böyük coşqu ilə qarşılanıb. “Zəngin mədəni həyata malik olan Gəncədə bu gün Ermənistanın atdığı raketlər nəticəsində həyat öz axarını itirib. Biz BMM olaraq Azərbaycan torpaqlarının azad olunmasını və cəbhə xəttindən kənarda yerləşən ərazilərə raket atılmasını qəti olaraq pisləyirik . Gəncə və onun mədəni və dini infrastrukturuna erməni hücumlarını pisləyir, dünya ictimaiyyətini bu hadisəyə biganə qalmamağa çağırırıq.  Beynəlxalq təşkilatlara, Avropa Parlamenti, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına səslənərək, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini və Ermənistanın Azərbaycan xalqına qarşı apardığı terror siyasətini bir an öncə dayandırmasının vacibliyini ifadə edirik”.