Milli Azərbaycan Tarixi Muzeyində rus poeziyasının zirvələrindən biri olan Mixail Lermontovla bağlı eksponatlar qorunur.

Muzeydən bildirilib ki, eksponatlar arasında şairin portretinin fotoneqativi xüsusi yer tutur. Neqativ fondunda saxlanılan portret 1914-cü ildə Sankt-Peterburqda nəşr olunan “Hərbi ensiklopediya”nın XIV cildində yer alıb.

Həmçinin muzeyin Sənədli mənbələr fondunda şairin büst və heykəlini, evini əks etdirən açıqcalar saxlanılır.

Qeyd edək ki, M.Lermontovun yaradıcılığında Qafqaz və Azərbaycan mövzusu əhəmiyyətli yer tutub. Onun sayəsində rusdilli oxucular məşhur dastanımız “Aşıq Qərib”lə yaxından tanış olublar. Görkəmli rus ədibini Qafqazla bağlayan və Azərbaycan oxucusuna sevdirən onun Şərq mövzusunu və Qafqaz xalqlarının həyatını, adət-ənənələrini əsərlərində əks etdirməsidir.