Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 3-cü sayı (2020) nəşr olunub.

Nəşrin məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, bu sayda türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk və rus dillərində elmi məqalələr dərc edilib. Əhməd Cəfəroğlunun “Azərbaycan və Anadolu dialektlərində monqol mənşəli ünsürlər”, İmre Paçainin “N.A.Baskakovun rus frazeologiyasında türk izləri haqqında nəzəriyyəsinə dair yeni məlumatlar”, Əhməd Sami əl-Aydinin “Hüseyn Cavidin “İblis” faciəsi (insanlıq fəlsəfəsi, ədalət və həqiqət axtarışları kontekstində)”, Xəzər Zeynalovun “Azərbaycan təsviri sənətində Atatürk obrazı” və bir çox məqalələrə yer verilib.

“Türkologiya” jurnalının 3-cü sayının klassik irs, dilçilik, ədəbiyyat və folklor, tarix və etnoqrafiya, mədəniyyət və incəsənət rubrikalarında Misir, Macarıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın elmi mərkəzlərindən göndərilmiş sanballı elmi araşdırmalar da dərc edilib.

S.QALİBOĞLU