Britaniya Muzeyi 2020-ci ilin yanvarında qaçaqmalçılıq yolu ilə İngiltərəyə gətirilən altı qədim keramika plitəni Özbəkistana qaytaracaq.

XIII əsrə aid olduğu bildirilən eksponatlar Dubaydan Londona uçan bir sərnişinin çamadanında aşkar edilib. Sərnişin hava limanının əməkdaşlarına plitələrin qədim 90 dollarlıq çeklər olduğunu inandırmağa çalışıb. Lakin sərhəd xidməti tərəfindən plitələr ekspertizaya təqdim olunub.

Britaniya Muzeyinin kuratoru Con Simspon bildirib ki, dünyadakı koronavirus pandemiyasına rəğmən biz işə müxtəlif ölkələrin ən yaxşı mütəxəssislərini geniş tərkibdə cəlb edə bildik. Ekspertlər plitələrin orijinal və qədim tarixə malik olduğunu aşkar ediblər. Məlum olub ki, plitələr Səmərqənd yaxınlığındakı Orta əsrə aid Şah-Zinda məqbərəsinin divarlarını bəzəyirmiş. 1996-2000-ci illərdə ərazidə qazıntı və bərpa işləri aparılan zaman qiymətli nümunələr diqqətə alınmadan yoxa çıxıb.

O da bildirilib ki, ziyarətçilər bu ilin dekabr ayında Britaniya Muzeyində plitələri izləmək imkanı qazanacaqlar. 2-3 aylıq nümayişdən sonra qədim nümunələr öz vətəni Özbəkistana qaytarılacaq.

Lalə AZƏRİ