Ölkənin ən iri tekstil müəssisələrindən olan Gilan Tekstil Parkının “GiLTEX” ticarət markasının dəstəyi ilə Azərbaycan Moda Dizaynerləri İctimai Birliyinin təşkil etdiyi sosial layihənin təqdimatı keçirilib.

Layihənin məqsədi beş yerli dizaynerin Azərbaycan Ordusunun kamuflyaj toxumasından unikal geyimlərin hazırlanmasıdır. Layihə, bir millət olaraq sülh arzusunda olsaq da, kimsə bizim torpaqlarımıza iddia edərsə, müharibəyə hazır olduğumuzun mesajını vurğulayır.

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır və bu səbəbdən də Milli Ordunun Qarabağı və ətrafındakı işğal olunmuş 7 rayonu azad etmək üçün başladığı əks-hücum əməliyyatı dizaynerləri laqeyd qoya bilməyib.

Layihədə Zümrüd Mirzəliyeva, Günel Behbudova, Nigar Kalbiyeva (Atelier Muliebre), Səbinə Zulalova kimi tanınmış dizaynerlər və “UVENTA” atelyesi iştirak edib. İstedadlı dizaynerlər hərbi kamuflyajdan dinc məqsədlər üçün istifadə edərək hazırladıqları geyimlərlə Azərbaycana dəstək olduqlarını nümayiş etdiriblər.

Ekspozisiya Azərbaycan Milli Ordusunun hərbi parçalar istehsalçısı və gələcəkdə dizaynerlərin geyimlərinin təqdim ediləcəyi beynəlxalq sərgilərin iştirakçısı olan “GiLTEX” şirkətinə hədiyyə olaraq edilib.