Fransanın TF1 televiziya kanalında cəbhə bölgəsindəki vəziyyət, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncə şəhərini bombardman etməsi barədə yayımlanan reportajından sonra erməni icması sosial şəbəkələrdə hərəkətə keçib.

Ermənilər reportajın müəllifi Liseron Budulu kütləvi şəkildə təhqir etməyə və ona təhdidlər yağdırmağa başlayıblar. Fransadakı erməni təşkilatları TF1 telekanalına qarşı kütləvi etirazlara çağırışlar edib. Hətta TF1 kanalının rəhbər şəxsləri fiziki təhdidlə hədələniblər.

Qeyd edək ki, TF1 kanalının jurnalisti Liseron Budul cəbhə bölgəsindən hazırladığı reportajda Azərbaycanın haqq savaşını nümayiş etdirib. Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib, ölənlər və yaralananlardan danışılıb.

Jurnalist Ermənistandan birbaşa Gəncənin mərkəzində yaşayış massivinin bir neçə dəfə bombalanmasından danışaraq, dağılmış evləri göstərib. Erməniləri ən çox hiddətləndirən isə reportajda Azərbaycanın güclü Ordusunun olduğunun vurğulanmasıdır.