Yolumuz mədəniyyət məbədimiz Şuşayadır

Beynəlxalq Muğam Mərkəzi (BMM) ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə dağıdılıb talan edilən tarixi-mədəni irsimizin bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələr həyata keçirir.

Azərbaycan musiqi tarixində mühüm yer tutan Qarabağın musiqi tarixi də öz qədimliyi və özünəməxsusluğu ilə seçilir. BMM bu dəfə Qarabağ muğam məktəbi və Qarabağ xanəndələri adlı layihəni təqdim edir.

Yolumuz mədəniyyət, musiqi məbədimiz olan Şuşayadır. XIX əsrin birinci yarısından başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri geniş yayılmışdı. Xanəndəlik sənəti Azərbaycanın başqa yerlərinə nisbətən Qarabağ mahalında, xüsusilə Şuşa şəhərində inkişaf etmişdi.

Şuşa Cənubi Qafqazın təbii konservatoriyasıdır. Şuşa konservatoriyasının parlaq nümayəndələri bütün dünyada Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətiriblər. Şuşa Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıqcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun və daha onlarla tanınan, adı tarixə yazılan musiqiçilərin vətənidir.

Layihəni BMM-in sosial şəbəkə hesablarından izləmək olar.