Seyid Abbas Əraqçi: “Azərbaycan ərazilərinin işğaldan azad edilməsində canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm”

Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır.

Prezident İlham Əliyev bu sözləri oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı vurğulayıb ki, döyüş meydanında məğlub olan Ermənistan namərd hücumlarla Azərbaycanın mülki vətəndaşlarını hədəfə alıb. Oktyabrın 28-də Bərdə şəhərinə raket zərbələri endirilməsi nəticəsində 21 nəfər mülki şəxsin həlak olduğunu, 70-dən çox dinc insan yaralandığını deyən Prezident bir gün öncə, oktyabrın 27-də də Ermənistanın Bərdə rayonunu atəşə tutduğunu və biri yeddiyaşlı qız uşağı olmaqla dörd sakinin həlak olduğunu diqqətə çatdırıb: “Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək”.

Azərbaycan Prezidenti qeyd edib ki, işğaldan azad edilmiş şəhər və kəndlərimiz düşmən tərəfindən dağıdılıb: “Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq”.

Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin də tam bərpa edildiyini vurğulayan İlham Əliyev deyib: “Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır”.

Prezident xatırladıb ki, bir neçə il bundan əvvəl Araz çayı üzərində Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanıb: “Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk.

Xahiş edirəm ki, hörmətli cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O, bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı söhbətimiz olub. Sizi də Azərbaycana ezam edib, biz bunu yüksək qiymətləndiririk. İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılaşmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək”.

İran Prezidentinin xüsusi nümayəndəsi Seyid Abbas Əraqçi öncə Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar Azərbaycan Prezidentinə, xalqına və dövlətinə başsağlığını ifadə edib. Prezident Həsən Ruhaninin salamlarını da dövlət başçısına çatdıran İran Xarici İşlər nazirinin müavini deyib: “Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm”.