Oktyabrın 28-də Texas ştatının Hyuston şəhərində ABŞ-ın Azərbaycan icmasının üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz və Azərbaycan Ordusuna dəstək aksiyası keçiriblər.

Hyuston şəhər administrasiyası binasının qarşısında keçirilən aksiya zamanı icma üzvləri Ermənistanın Azərbaycanın Bərdə şəhərinə raket hücumunu, günahsız mülki insanlara qarşı keçirilən soyqırımı siyasətini pisləyib. ABŞ administrasiyasını Ermənistanı təcavüzkar dövlət kimi tanımağa çağıran icma üzvləri Qarabağın Azərbaycan torpağı olduğunu bəyan ediblər.

Aksiya zamanı həmçinin Ermənistan silahlı qüvvələrinin Gəncəyə, Mingəçevirə və digər yaşayış məntəqələrinə ballistik raket zərbələri haqqında məlumat veriblər. Tədbirdə 300-dən çox icma üzvü iştirak edib.

Azərbaycan icma üzvləri İsrail, Pakistan, Türkiyə və Ukraynanın bayraqlarını da qaldıraraq bu ölkələrə Azərbaycanı dəstəklədiklərinə görə təşəkkürlərini bildiriblər.

ABŞ Azərbaycanlıları Şəbəkəsi isə oktyabrın 28-də Bərdə şəhərinin raket atəşinə tutulması ilə bağlı məktub və qanunvericilərlə əlaqələndirmə kampaniyasına başlayıb. Şəbəkə tərəfindən hazırlanmış müraciət məktub vasitəsilə minlərlə ünvana göndərilir, qanunvericilərə zənglər edilir və sosial şəbəkələrdə Ermənistanın təcavüzü haqqında məlumatlar yayılır.