ABŞ, Rusiya, Hindistan, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Şimalı Makedoniya, Moldova, İslandiya, İspaniya, İraq, Gürcüstan və Azərbaycanın bir qrup qələm adamı Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdədə törətdiyi terrorla bağlı bəyanat yayıb.

“Biz, ayrı-ayrı ölkə və ədəbi qurumu, media orqanını təmsil edən yazarlar, bütün dövrlərin böyük şairi Nizami Gəncəvinin doğma yurdu Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən ard-arda atəşə tutulmasından sonra bu dəfə mütəfəkkir şairin sevə-sevə vəsf etdiyi Bərdə şəhərinin qadağan olunmuş “Smerç” kaset raketləri ilə atəşə tutulmasından sarsılmışıq. Biz bununla bağlı öz narahatlığımızı, hiddətimizi bildiririk”, – deyə bəyanatda vurğulanır.

Bəyanatda deyilir: “Artıq heç bir təminat yoxdur ki, atılan mərmilərdən daha biri Nizami Gəncəvinin məqbərəsinə dəyməyəcək, bütün dövrlərin oxunan, öyrənilən mütəfəkkir şairinin ruhunu narahat etməyəcək. Hər günahsız insanın həyatını itirməsi haqq dünyasında olan şairlərin, yazarların ruhunu incidir, yaşayan şairlərin, yazarların həyatına və əsərlərinə çökür... Biz istərdik, gələcək nəsillərə körpələrin, uşaqların, qadın və qocaların günahsız ölümlərinin ağırlığını deyil, beynəlxalq ictimaiyyətin ədalətini ötürək. Dünyanı ədalət xilas edəcək!”.

“Biz qələm adamları, Ermənistanı mülki əhalini hədəfə almaqdan çəkindirmək üçün bütün dünya yazarlarını öz haqq səslərini qaldırmağa, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün həmkarlarımızı günahsız körpə, uşaq, qadın və qocalar daxil olmaqla, mülki şəxslərin öldürülməsinə qarşı öz sözü, qələmi, əsəri, kitabı ilə etiraz etməyə çağırırıq!”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, imza üçün açıq olan bəyanata yuxarıda qeyd olunan ölkələrdən 60-dan çox yazar qoşulub.