Azərbaycan Respublikası Nazirlər Kabineti “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”na (2015) dəyişiklik edib. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinə əlavə səlahiyyətlər verilib.

Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqların ərazilərində mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədilə görülən tədbirlər, həyata keçirilən layihələr, mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanılmış mühafizə müqavilələri üzrə cavabdeh qurum Dövlət Turizm Agentliyi olacaq. Bundan əlavə, qoruqların ərazilərində aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri, onların hesabatı, milli mədəni irsə aid edilən kulinariya nümunələri, dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri barədə məlumatların elektron məlumat sistemində yerləşdirilməsi də Dövlət Turizm Agentliyinə həvalə olunub.