Bakı qəsəbələrinin memarlıq simasının qorunması və canlandırılması işində memarların və peşəkarların fəal iştirakını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşəbbüsü, Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC-nin iştirakı ilə “Abşeron qəsəbələrinin memarlıq siması” adlı memarlıq müsabiqəsi elan edilib.
Abşeron yarımadasının ərazisi yaşayışın mövcud olduğu ilk zamanlardan əvəzsiz mədəniyyət nümunələri ilə zəngin olub. Burada yerləşən və uzaq keçmişdən müasir dövrümüzədək gəlib çıxmış dəyərli tarixi-memarlıq abidələri özündə Şərq və Qərb memarlığının nümunələrini birləşdirir, müxtəlif mədəniyyət və sivilizasiyalarının izlərini yaşadır. Son illər ölkəmizin bütün ərazisində olduğu kimi, Bakıda və Abşeronda da aparılan nəhəng abadlıq-quruculuq, bərpa və yenidənqurma işləri sayəsində yarımadanın görkəmi daha da gözəlləşir, yeni-yeni möhtəşəm və təkrarsız tikililər inşa olunur.
Görülən işlərə təkan vermək, Abşeronun memarlığını qorumaq, milli incəsənət ruhunu yaşatmaq, həmçinin özünəməxsus rəng çalarlarını yenidən canlandıraraq gələcək nəsillərə ötürmək məqsədilə Abşeron yarımadasının bütün ərazisini əhatə edəcək müsabiqə proqramının ilkin mərhələsində təqdim olunan layihələrdə Ramana, Pirşağı və Əmircan qəsəbələrinin estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.
Ümumi mükafat fondu 60 000 manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. Layihələr 10 dekabr 2020-ci il saat 18:00-dan gec olmayaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Seçilmiş layihə əsasında abadlıq işləri aparılacağı təqdirdə layihə müəllifi dəvət olunacaqdır.
Müsabiqə proqramı barədə ətraflı məlumatı www.absheronsimasi.az saytında əldə etmək olar.