AMEA Folklor İnstitutunun “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından növbəti kitabı – “SMOMPK: Azərbaycan folkloru materialları” toplusunun üçüncü cildi çapdan çıxıb. Kitabda toplanmış mətnləri 1881-1929-cu illər arasında nəşr olunmuş SMOMPK –“Сборник материалов для описания местностей и племен Кавказа” (“Qafqaz əraziləri və tayfalarının təsvirinə dair materiallar toplusu”) məcmuəsindən filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov dilimizə tərcümə edib.

Xatırladaq ki, “SMOMPK: Azərbaycan folkloru materialları” toplusunun birinci və ikinci cildləri 2018-ci ildə nəşr edilib. Cildlər xronoloji prinsip əsasında tərtib olunub.

Qafqaz Rusiya imperiyasının tərkibinə qatıldıqdan sonra bölgənin inzibati və mədəni mərkəzinə çevrilmiş Tiflis şəhərində fəaliyyət göstərən çar general-qubernatorluğu zəbt olunmuş yeni torpaqları və burada yaşayan xalqları yaxından tanımaq və onları daha uğurla idarə etmək məqsədilə müxtəlif layihələr həyata keçirmişdi. Bu fəaliyyətin bir təzahürü kimi XIX əsrin ortalarından Azərbaycanın qeyri-maddi mədəni irs örnəkləri ilk dəfə müxtəlif qəzet və jurnallarda rus dilində nəşr edilməyə başlamışdı.

Azərbaycan şifahi xalq ədəbiyyatının əfsanə, rəvayət, atalar sözü və məsəllər, tapmacalar, lətifələr, nağıllar və s. janrlarına aid çoxsaylı örnəklərə SMOMPK toplusunun bir çox buraxılışlarında rast gəlmək olar.

Kitabın tərtibçiləri filologiya üzrə fəlsəfə doktorları Rza Xəlilov, Afaq Xürrəmqızı və Aynur Hüseynovadır.

S.QALİBOĞLU