Azərbaycan xalçaçılığında Qarabağ xalçaçılığı aparıcı istiqamətlərdən biridir. Qarabağda milli xalçaçılığımıza xas olan bütün texnoloji xüsusiyyətlər uğurla sınaqdan keçirilib. Bu gün “Qarabağ xalçaçılığı” anlayışı altında Azərbaycanın Şuşa, Ağdam, Füzuli, Tərtər, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Ağdərə, Laçın, Xocavənd, Beyləqan, Ağcabədi, Bərdə, Zəngilan kimi rayonlarını əhatə edən aranlı-dağlı geniş bir coğrafi arealda formalaşmış tarixi xalçaçılıq ənənələri və onların müasir vəziyyəti öyrənilir.

Bu fikri  “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin sədri, tarix elmləri doktoru, professor Vidadi Muradov AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Qarabağ həm də xalça ustalarının vətəni olub. Burada xalçaçılığı öyrənmək üçün dərnəklər, emalatxanalar fəaliyyət göstərib. Həmin sənət ocaqlarında bu gün bizə qarşı əsassız iddialarla çıxış edən ermənilər də xalça toxumağı öyrəniblər. O qədər yaxşı öyrəniblər ki, indi Azərbaycan xalçası toxuyaraq dünyaya “erməni sənətkarlıq nümunəsi” kimi təqdim edirlər. “Biz bu cür hallarla mübarizə aparırıq. Dünyaya Azərbaycan xalçalarının etnik mənşəyi, simvolikası, rəmzləri, rəng palitrası və s. kimi milli özünəməxsusluqlar haqqında, bu xalçaları yaradan və yaşadan tayfalar haqqında, xalçanın bizim milli məişətimizlə, xalq təsərrüfatımızla, təbiətimizlə, iqlimimizlə bağlılığı haqqında məlumatlar veririk”, – deyə Vidadi Muradov bildirib.

O deyib: “Ermənilərin Qarabağa, tarixi Azərbaycan torpaqlarına iddiası ilə bərabər mədəni abidələrimizə, musiqimizə, mətbəximizə, geyimlərimizə, o cümlədən də xalçalarımıza iddiaları da illərdir davam edir. Ötən əsrdə onlar istər sovet məkanında, istərsə də xaricdə çap olunan elmi əsərlərdə bu iddiaları irəli sürməkdən çəkinmirdilər. Mən 1985-ci ildə Ermənistanın Sərdarabad tarixi-etnoqrafik muzeyində olarkən orada erməni maddi mədəniyyətinin nümunələri kimi təqdim olunan Qarabağ, Şirvan, İrəvan, Bakı, Naxçıvan, Quba, Qazax-Borçalı, Gəncəbasar, Muğan, Dərbənd bölgələrinə aid qədim xalça və xalça məmulatlarını gördüm. Bütün xalça ekspozisiyası bütünlükdə ermənilərin qondarma “Qoar”, “Vişapaqorq”, “Berd”, “Vaanaqorq”, “Nşaqorq”, “Xaçxoran”, “Vaspurakan”, “Qoris”, “Çeraberd”, “Arçvaqorq”, “Xndzoresk”, “Arçvapar”, “Astxaavk” və s. kimi yalançı adlarla adlandırdıqları, üzərlərinə erməni əlifbası ilə sözlər əlavə etdikləri Azərbaycan xalçalarından ibarət idi. Bu yazıların həmin xalçaların bədii kompozisiyasına uyğun olmadıqları, qondarma xarakter daşıdıqları ilk baxışdan hiss olunurdu. Bununla onlar həmin xalçaların gözəlliyinə valeh olmuş sadəlövh tamaşaçını aldada bilirdilər. Bu proses yalnız Sərdarabad muzeyi ilə məhdudlaşmırdı. Sonralar İrəvandakı Ermənistan tarixi muzeyində, digər muzeylərdə də eyni vəziyyətin şahidi olmuşam. Ermənistandakı əksəriyyəti tarixi-etnoqrafik səciyyə daşıyan muzeylərin demək olar hamısının fondu xalçalar da daxil olmaqla Azərbaycan maddi mədəniyyət nümunələrindən – zərgərlik məmulatlarından, geyimlərdən, kənd təsərrüfatı alətlərindən və s. ibarət idi”.

Vidadi Muradov təəssüflə bildirib ki, ermənilər sovetlər məkanında Azərbaycan xalçalarını öz adlarına çıxardıqları bir vaxtda, Azərbaycan alimlərinə yalnız xalçanın naxışlarını, bədii-stilistik üslublarını, forma və ölçülərini öyrənmək üçün şərait yaradılır, xalçalarımız yanlış olaraq adlandırılır, öz kökündən uzaqlaşdırılırdı: “Azərbaycan cəmiyyətində “xalça yalnız muzeydə olmalıdır, xalça sənətdir, xalça əlçatmazdır” düşüncəsi yeridilmişdi ki, bu da bizi xalçamızdan uzaqlaşdırırdı. Bizim öz xalçamıza münasibətimizlə bir xarici vətəndaşın bizim xalçamıza münasibəti arasında heç bir fərq yox idi. Bu, məlum ideologiyaya daha münasib bir taktika idi”.

Alim vurğulayıb ki, Azərbaycan xalçasının yaşı Azərbaycan dövlətçiliyindən də qədimdir. Xalça bu gün heç bir yazılı mənbələrdə rast gəlinməyən, tarixin qaranlıq səhifələrində it-bata düşən milli rəmzlərimizin, işarələrimizin, damğalarımızın məcmusudur. Hələ yazı mədəniyyətinin formalaşmadığı tarixi mərhələdə Azərbaycan insanının yaratdığı kitabədir. Bu baxımdan, Azərbaycanın ilk xəritəsi də, ilk əlifbası da, ilk tarixi salnaməmiz də məhz xalçadır.

2016-cı ildə yaradılmış “Azərxalça” ASC-nin zəngin xalq sənətinin, o cümlədən Qarabağ xalçaçılıq irsinin yaşadılması və təbliği istiqamətində fəaliyyətindən bəhs edən V.Muradovun sözlərinə görə, Qarabağ xalçalarına dünyada maraq heç vaxt azalmayıb: “Bu tarixən belə olub. Sovet dövrünə qədər də, sovet dövründə də. Hətta Qarabağın məşhur xalçaçılıq məntəqələri işğal olunandan sonra da, xarici bazarlarda bu xalçalara tələbat yüksək olub. Xaricdəki sərgilərdə hər zaman qonaqların Qarabağ xalçaları, onların simvolikası, naxışları ilə xüsusilə maraqlandıqlarının şahidi olmuşuq”.

“Azərxalça”nın rəhbəri qeyd edib ki, Azərbaycan Ordusunun tarixi yurd yerlərimizi, Qarabağ torpağını işğaldan azad etməsi ilə Qarabağ xalça sənəti tarixində də yeni bir mərhələ başlanacaq: “Azərbaycan xalçaçısı da bu gün Qarabağa üzüağ, alnıaçıq qayıdır. Çünki bu illər ərzində xalça toxumağı bacaran heç bir xalçaçı bu sənətdən üz döndərməyib. Qarabağ xalçasına və xalçaçısına dövlətimiz özü sahib çıxıb, qayğı göstərib. Xarici ölkələrdə təşkil olunan sərgilərdə Azərbaycan xalçalarından ibarət ekspozisiyalarda qədim Qarabağ xalçaları sərgilənib. Dövlətimizin Ağdamda, Füzulidə, Tərtərdə, Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə yaratdığı xalçaçılıq emalatxanalarında yüzlərlə qarabağlı qadın Qarabağ xalçası toxuyur. Əminəm ki, geniş xalça istehsalı şəbəkəsinin işğaldan azad olunmuş və olunacaq rayonlarımızda da yeni məntəqələri yaranacaq”.

Alim əmindir ki, Azərbaycan elminin digər sahələri ilə yanaşı, tarix, etnoqrafiya elmi istiqamətləri üzrə də Qarabağa dair yeni və əyani tədqiqatlar aparılacaq: “Biz böyük təəssüf hissi ilə Qarabağ həqiqətlərinə dair məlumatları yalnız ayrı-ayrı mənbələrdən əldə edib işləyə bilirdik. Öz torpaqlarımızdan, təbiətimizdən, abidələrimizdən uzaq düşmüşdük. Arzum budur ki, yaxın gələcəkdə Şuşada Azərbaycan Milli Elmlər Akademiyasının fundamental elmi tədqiqatlar aparan Qarabağ Bölməsi yaradılsın. Burada ölkəmizin aparıcı alimləri tədqiqatlar aparsınlar. Şuşada, Xankəndidə fəaliyyət göstərmiş ali təhsil ocaqları fəaliyyətlərini bərpa etsinlər. Tarixi abidələrimizin mühafizəsi təşkil olunsun. Müasir tələblərə cavab verən, dünyanı Azərbaycan həqiqətləri ilə tanış edəcək regional tarixi-etnoqrafik muzeylər yaradılsın. Bu muzeylərdə Qarabağın digər maddi mədəniyyət nümunələri ilə yanaşı, qədim xalçaları da nümayiş olunsun. Dünya Qarabağın əsl sahiblərini, bu mədəniyyəti, sənətkarlığı kimlərin yaratdığını obyektiv şəkildə qiymətləndirə bilsin”.