Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin təşkilatçılığı və Avstraliya-Azərbaycan Assosiasiyasının iştirakı ilə Sidney şəhərindəki Türk Evinin qarşısında Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, soydaşlarımız və dost xalqların nümayəndələri işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror qurbanlarının xatirəsinə yaradılmış guşəni ziyarət ediblər. Həlak olanların ruhuna dualar oxunub, terror qurbanlarının guşədə qoyulmuş şəkilləri önünə gül dəstələri düzülüb.

Mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəni dəstəklədiklərini vurğulayaraq, işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhədən uzaqda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini artilleriya atəşinə tutmasını, mülki insanları hədəfə almasını pisləyiblər.