Texnoloji tərəqqi və avtomatlaşdırma səbəbindən 2025-ci ilədək iqtisadiyyatın müxtəlif sahələrində 85 milyon iş yeri ixtisar oluna bilər. Bu barədə Dünya İqtisadi Forumunun hesabatında bildirilir.

Ekspertlərin fikrincə, 2025-ci ilədək insan və kompüterlər arasında iş yarıya bölünəcək. Bununla yanaşı, avtomatlaşdırma məlumatların daxil edilməsi və emalı, mühasibat uçotu, bir sıra inzibati vəzifələr kimi fəaliyyət növlərinə şamil ediləcək.

Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən keçirilən sorğuya görə, biznes nümayəndələrinin 43 faizi yeni texnologiyaların tətbiqi səbəbindən iş yerlərini ixtisar etmək niyyətindədir. İşəgötürənlərin 41 faizi bir sıra iş növlərinin yerinə yetirilməsi üçün podratçıların şəbəkəsini genişləndirməyi, 34 faizi isə yeni texnologiyaların inteqrasiyası üçün tələb olunan yeni işçi qüvvəsini cəlb etməyi planlaşdırır.

Dünya İqtisadi Forumunun idarəedici direktoru Səədiyə Zahidi bildirib ki, avtomatlaşdırmanın sürətləndirilməsi və koronavirus pandemiyası ilə bağlı tənəzzülün nəticələri əmək bazarlarında mövcud tənasübsüzlüyü dərinləşdirib və 2007-2008-ci illər qlobal iqtisadi böhranından sonra nail olunan işsizlik səviyyəsinin azaldılmasını sıfıra endirib.

CAVİD