Sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində – Vətən müharibəsində Azərbaycana ilk dəstək verən qardaş Türkiyə oldu. Eyni zamanda digər dost və qardaş ölkələr, türk dünyasının aparıcı təşkilatları bu haqq mübarizəsində Azərbaycanın yanında olduqlarını ifadə etdilər. Noyabrın 1-də və 2-də Azərbaycan Prezidentinin Bakıya təşrif buyuran dost-qardaş ölkələrin nümayəndələri ilə görüşləri bunu bir daha təsdiqlədi.

“Müharibənin ilk günlərindən biz Türkiyənin və digər qardaş, dost ölkələrin dəstəyini hiss edirik... Şadam ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bizə dəstək göstərmişdir və Şuranın çox önəmli bəyanatı olmuşdur. Bu, türkdilli ölkələr arasındakı birliyin, həmrəyliyin təzahürüdür”.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat, Özbəkistanın və Qırğızıstanın Ticarət və Sənaye palatalarının rəhbərləri Adham İkramov və Marat Şarşekeyev ilə görüşdə deyib.

Qeyd edək ki, qonaqlar Türkdilli Dövlətlərin Ticarət və Sənaye palataları rəhbərlərinin növbədənkənar iclasında iştirak etmək üçün Bakıya gəliblər. Bakı toplantısının məqsədi eyni zamanda yaşadığımız bu taleyüklü günlərdə ölkəmizə mənəvi dəstəyin ifadəsidir. Prezident İlham Əliyev də görüşdə məhz bu məqamı vurğulayıb: “Nəzərə alsaq ki, Azərbaycan hazırda Vətən müharibəsi aparır, bu toplantının xüsusi önəmi vardır. Biz bunu bizə göstərilən dəstək və həmrəylik əlaməti kimi qəbul edirik, buna görə sizə təşəkkür edirik”.

Dövlət başçısı bildirib ki, bir aydan artıqdır davam edən Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edir və işğalçılara dərs verir: “Hər həftə onlarla yeni yaşayış məntəqəsi - şəhərlər, kəndlər, qəsəbələr işğalçılardan azad edilir və müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir. İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib. Ermənilər Zəngilan rayonunda, işğal edilmiş ərazilərdəki məsciddə donuz saxlayırdılar, bu videogörüntülər internetdə var və bu, bütün müsəlman aləmini hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır, əks-təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Döyüş meydanında bizim qabağımızda dayana bilməyən Ermənistan şəhərlərimizi, kəndlərimizi hər gün atəşə tutur”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan düşməndən intiqamını döyüş meydanında alır: “Bunu mən dəfələrlə bildirmişdim, demişdim ki, biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq. Düşməni qovuruq və sona qədər qovacağıq. Eyni zamanda, Ermənistana üç dəfə şans verildi. Bizim Ordumuzun uğurlu əməliyyat keçirməsinə baxmayaraq, biz beynəlxalq vasitəçilərin təkliflərinə hörmətlə yanaşaraq üç dəfə atəşkəslə bağlı razılığa gəldik. Üç dəfə də Ermənistan bunu kobudcasına pozmuşdur - birinci dəfə Gəncəni ballistik raketlərlə bombalaması ilə. İkinci dəfə atəşkəsdən 4-5 dəqiqə keçəndən sonra atəşkəsi pozdu. Üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi ilə atəşin açılması nəticəsində 21 insan həlak olmuş, 70 insan yaralanmışdır. Gəncəyə isə iki ballistik raketlə atəş nəticəsində 30-a yaxın insan həlak olmuşdur. Bax bu, erməni faşizminin eybəcər sifətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq və bunu davam etdirəcəyik”.

Prezident diqqətə çatdırıb ki, ötən müddətdə dörd rayon mərkəzini və ümumilikdə 200-dək yaşayış məntəqəsini azad edən Azərbaycan işğalçıya qarşı əməliyyatları dayandıra bilər. Bunun üçün Ermənistan öz qoşunlarını işğal altındakı qalan torpaqlarımızdan çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürməlidir: “Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər. Ancaq biz bunun əksini görürük. Ermənistan baş naziri Rusiya Prezidentinə məktub göndərir və hərbi yardım istəyir”.

Dövlət başçısı qeyd edib ki, biz düşməni öz torpağımızdan çıxarırıq, Ermənistana hər hansı bir təcavüz etməmişik: “Paşinyanın bu məktubu göndərməsi onun əslində, etirafıdır. Etiraf edib ki, Ermənistan məğlub olub. Hesab edirəm ki, bu etiraf Ermənistan cəmiyyətində də ciddi təhlil olunmalıdır və Ermənistan rəhbərliyinə ciddi təzyiq edilməlidir ki, bu müharibə dayandırılsın, işğalçılar bizim torpaqlarımızdan çıxsın və bölgədə sülh təmin edilsin”.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev bu dəfə Türk iş dünyasının qardaş Azərbaycanın səsini bütün dünyaya çatdırmaq üçün Bakıya gəldiyini vurğulayıb. Qeyd edib ki, Ermənistanın Azərbaycana hücumlarının başladığı ilk günlərdən bəri Türk Şurası olaraq biz qardaş Azərbaycanın yanındayıq. O, Gəncənin Ermənistan tərəfdən raket hücumuna məruz qalmasından sonra bu şəhərə getdiyini və orada da bu mövqeyi ifadə etdiyini deyib: “Bu Vətən müharibəsində biz Azərbaycanın yanındayıq. Türk dünyası və Türk Şurasının Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz geri almaq məsələsində qanuni haqqı barədə dəstəyimi ifadə etdim. Münaqişənin yalnız və yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birliyin tanıdığı sərhədlərinin toxunulmazlığı əsasında həlli lazımdır. Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palataları rəhbərlərinin iclasında həmrəyliyimizi bir daha ifadə edəcəyik. Bir daha qardaş Azərbaycanın yanında olduğumuzu bəyan edəcəyik... İndi biz Türk Şurasının 2021-ci il üçün strategiyasını, Türk dünyasının 2040-cı il üzrə hədəflərini hazırlayırıq. İnşallah, növbəti Zirvə toplantısında bu sənədlər Sizlər tərəfindən qəbul ediləcəkdir. Türk Şurası hər zaman Sizinlə birlikdədir, cənab Prezident. Hamımız Azərbaycanıq”.

Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat Özbəkistandan və Qırğızıstandan olan həmkarı ilə Bakıya gəldiklərini, eyni zamanda Qazaxıstanın Ticarət və Sənaye Palatası prezidentinin toplantıya videokonfransla qatılacağını bildirib: “Biz 50 milyon nəfəri təmsil edən türk iş dünyası birliklərinin rəhbərləri olaraq, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu nümayiş etdirmək üçün buradayıq”.

Mustafa Rifat daha sonra deyib: “Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Yaralı əsgərlərimizə və vətəndaşlarımıza Allahdan şəfa diləyirik. Sizin liderliyinizlə Azərbaycan Ordusunu təbrik edirik. Bizim otuz illik həsrətimizə son qoyursunuz. Allah Sizdən razı olsun, Allah köməyiniz olsun. Bizim üzərimizə hansı vəzifə düşürsə, türk qardaşlarınızın, Türkiyədəki qardaşlarınızın üzərinə hansı vəzifə düşürsə, 24 saata yanınızdayıq... Bizim də bu işdə xidmətimiz olarsa, çox xoşbəxt edərsiniz bizi”.

Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramov və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev də bu günlərdə öz ölkələrinin Azərbaycanla həmrəy olduqlarını bir daha ifadə ediblər.

Azərbaycana verilən bu mənəvi dəstəyə görə bir daha təşəkkürünü bildirən Prezident deyib: “Bu günlərdə bütün Azərbaycan xalqı birlik göstərir və bütün Azərbaycan xalqı dünyada bu məsələyə, bu müharibəyə münasibəti çox böyük həssaslıqla izləyir. Bu da başadüşüləndir. Çünki 30 il ərzində bizim torpaqlarımız işğal altında idi və beynəlxalq vasitəçilərin səyləri heç bir səmərə verməmişdir. Sadəcə olaraq, vaxtı uzatmaq, münaqişəni dondurmaq və işğalı əbədi etmək istiqamətində atılan addımları biz görürdük və Azərbaycan xalqı görürdü. Ona görə, bu son bir ay ərzində dünyada bu məsələ ilə bağlı səslənən hər bir fikrə, hər bir mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla yanaşır və ilk günlərdən bizim qardaş ölkələrimizdən bu dəstəyi görüncə əlbəttə ki, biz daha da ruhlandıq. Bu, bizə daha da böyük mənəvi güc verdi və bir daha gördük ki, bizim birliyimiz sözdə deyil, əməldədir. Sizin bu gün burada olmağınız bunu bir daha göstərir”.

***

Azərbaycan Prezidenti noyabrın 2-də Türkiyənin keçmiş Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

Bu səfəri də ölkəmizlə həmrəyliyin növbəti təzahürü kimi yüksək qiymətləndirən dövlət başçısı deyib: “Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu dönəmdə də birliyimiz daha da möhkəmləndi. Bildiyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib... İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik, işğalçıları torpaqlarımızdan qovacağıq. Türkiyə ilk saatlardan bizim yanımızda olduğunu bəyan etmişdir. Bu, çox önəmli bəyanatlar idi və bizə əlavə mənəvi dəstəyin göstərilməsi bir daha Türkiyə-Azərbaycan birliyinin təzahürüdür”.

Binəli Yıldırım Türkiyənin bu haqlı mübarizəsində əvvəldən bəri Azərbaycanın yanında olduğunu vurğulayaraq deyib: “Heydər Əliyev cənablarının “Bir millət, iki dövlət” şüarını o gündən bu günədək davam etdiririk. Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız. Çünki Azərbaycan bu müharibədə öz torpaqlarını işğalçılardan təmizləyir. Azərbaycan 27 ildir davam edən bu işğala son qoyur, öz ərazilərinin azad olunmasını təmin edir. Buna görə Azərbaycan gecə-gündüz böyük vətənpərvərlik nümunəsi göstərərək hər gün qəhrəmanlıq dastanları yazır”.

Görüşdən sonra xatirə şəkli çəkdirilib. Binəli Yıldırım xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib. Milliyətçi Hərəkət Partiyasının TBMM-də fraksiyasının rəhbəri Cəlal Adan da partiyanın başqanı Dövlət Baxçalının adından Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

***

Bu günlər təkcə qardaş ölkənin rəhbərliyi, rəsmiləri deyil, Türkiyə vətəndaşları da Azərbaycana dəstəyini ifadə edir. Bu dəstək Azərbaycan Prezidentinə ünvanlanan məktublarda da əksini tapır.

Prezident İlham Əliyev noyabrın 1-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə bunu bir daha diqqətə çatdırıb: “Çox səmimi məktublardır və bu, bizim hamımızı duyğulandırır”.

Dövlət başçısı eyni zamanda Türkiyənin media nümayəndələrinin gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına ataraq Azərbaycanın haqlı mübarizəsini, həmçinin Ermənistan tərəfdən Gəncənin, Bərdənin namərdcəsinə bombalanmasını dünyaya çatdırdıqlarını vurğulayıb: “Bu, bir daha Türkiyə-Azərbaycan birliyini göstərir. Bu birlik sözdə deyil, əməldədir və bunu bu gün bütün dünya bilir”.

Öz növbəsində Mövlud Çavuşoğlu bu günlər Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbələrlə fəxr etdiklərini deyib: “Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, - deyirlər.