İtaliyanın “La Repubblica” qəzetində xüsusi müxbir Peitro Del Renin müəllifi olduğu “Azərbaycanlıların fəryadı: “Məhz bu səbəbdən Dağlıq Qarabağın ayrılmasını qəbul edə bilmərik” adlı məqaləsi dərc olunub.

Tərtər şəhərində olmuş italiyalı jurnalist  və bu şəhərin sentyabr ayından bəri raket atəşinə tutulduğunu və bombardman edildiyini bildirir. Müəllif qadağan edilmiş kasetli bombaların ermənilər tərəfindən Azərbaycana qarşı istifadəsinin “Amnesty International” tərəfindən qınanıldığını vurğulayır.

Məqalədə münaqişənin tarixinə və acı nəticələrinə də toxunulur, “Human Rights Watch” təşkilatına istinadən 1992-ci ildə Ermənistan ordusu tərəfindən Xocalıda mülki əhaliyə qarşı soyqırımı törədildiyi, rəsmi rəqəmlərə görə 106 qadın və 83 uşaq olmaqla 613 mülki şəxsin qətlə yetirildiyi bildirilir.

Müəllif səfər zamanı söhbət etdiyi azərbaycanlıların fikirlərini də diqqətə çatdırır, Dağlıq Qarabağın Azərbaycan xalqı üçün uzun müddətdir ki, qanayan bir yara olduğu deyilir. Yazıda Azərbaycanın uzun illərdir ki, Ermənistanın və dünyadakı erməni diasporu tərəfindən alovlandırılan təbliğatın, yəni Dağlıq Qarabağdakı münaqişənin dinlər arasında – xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında münaqişə olduğunu iddia edən təbliğatın qurbanı olduğu, əslində isə Azərbaycanın müsəlman, katolik, pravoslav və yəhudi kimi fərqli məzhəblərin sülh və harmoniya içində yaşadığı ölkə olduğu qeyd edilir.

Məqalədə Azərbaycan Ordusunun son bir ayda dörd şəhəri və iki yüzə yaxın kəndi geri alaraq, erməni ordusunu məğlub etməkdə olduğu, Azərbaycan strateqlərinin əsas hədəfinin 1992-ci ildə ermənilər tərəfindən zəbt edilmiş Şuşa şəhərinin olduğu barədə məlumat verilir.