Müzəffər Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirməyən düşmən cəbhə boyu ərazilərdəki yaşayış məntəqələrini raket və ağır artilleriya atəşinə tutmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 30 və 31-i səhər saatlarında Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub. Noyabrın 1-də saat 10:00-dan başlayaraq düşmən qüvvələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini intensiv artilleriya atəşinə tutub. Nəticədə evlərə və infrastruktura ziyan dəyib.

***

Ağdam rayonunun yaşayış məntəqələrinin ağır artilleriyadan atəşə tutulması nəticəsində sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ciddi ziyan dəyib. Rayonun Sarıçoban kənd sakini Məhərrəm Heydərov bildirib ki, müzəffər Ordumuz qarşısında aciz qalan düşmən kəndləri, mülki şəxsləri artilleriya atəşinə tutur: “Səhər saat 6 radələri idi, evdə yatmışdıq. Güclü partlayış səsinə yuxudan oyandıq. Çölə çıxanda gördüm ki, su çəni deşilib. Məlum oldu ki, mərmi həyətimizə düşüb. Yaxınlıqda olan qardaşımın evinə və yardımçı tikilisinə daha çox ziyan dəyib. Düşmən istəyir ki, terror əməlləri ilə dinc sakinlərə ziyan vursun, bizi qorxutsun. Lakin bilsinlər ki, bu xain hərəkətləri ilə istəklərinə çata bilməyəcəklər”.

İşğalçı Ordunun ən çox atəşə tutduğu yaşayış məntəqələrindən biri də Ağdamın Əhmədağalı kəndidir. Düşmənin atəşi nəticəsində kənd sakini Məhəmməd Quliyevin evinə və təsərrüfatına ziyan dəyib, mal-qarası tələf olub. Eyvaz Allahverdiyev düşmən təxribatlarının onları qorxutmadığını bildirib: “Düşmən, demək olar ki, hər gün kəndimizi atəşə tutur. Kəndin ərazisinə, ümumilikdə 10-dan çox mərmi düşüb. Dağıntılar var. Lakin bu bizi narahat etmir. Tək istəyimiz Ordumuzun qələbə çalması, işğal altında olan bütün torpaqlarımızın azad edilməsidir”.

Noyabrın 2-si səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonu ərazisini növbəti dəfə artilleriya atəşinə tutub. Düşmənin atdığı top mərmiləri rayonun Mahrızlı kənd tam orta məktəbinə ciddi ziyan vurub. Partlayış nəticəsində Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi də zərər görüb.

***

Oktyabrın 30-da düşmən Ağcabədi rayonunu və kəndlərini ağır artilleriya atəşinə tutub. Rayonun Hacılar kənd sakini Elçin Abbasov bildirib ki, düşmənin artilleriya atəşi nəticəsində sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyir. Lakin bu dağıntılar, maddi zərər çəkən sakinlərin əhval-ruhiyyəsinə təsir etmir. Hər kəs Ordumuza güvənir, qələbənin yaxında olacağına inanır: “Hər gün kəndimiz atəşə tutulur. Bu gün səhər atılan mərmilər mənim, qardaşımın, bacımın və qonşumuzun evinə ziyan vurub. Lakin kəndimizdə həyat öz axarı ilə davam edir. Hər kəs öz işindədir”.

Kamran İsmayılovun evinə və həyətinə bir neçə mərmi düşsə də, o, evini tərk etmir: “Bu günədək mənim həyətimə 3 mərmi düşüb. Səhər saatlarında mal-qaraya ot verən zaman kəndimiz yenə atəşə tutuldu. Mərmilərdən biri də mənim evimin üstünə düşərək partladı. Bütün bunlar ermənilərin vəhşiliyinin, barbarlığının göstəricisidir. Döyüş meydanında Ordumuzun qarşısında tab gətirə bilmirlər. Əvəzinə dinc sakinləri atəşə tuturlar”.

Düşmənin atəşi nəticəsində yaşı yüz illərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutub. Rayonun İmamqulubəyli kənd qəbiristanlığına mərmi düşməsi nəticəsində ona yaxın qəbir daşına ciddi ziyan dəyib.

Düşmənin noyabrın 3-də səhər saatlarında ağır artilleriyadan atdığı mərmilərdən biri Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Xəlilov Bərxudar Əziz oğluna məxsus yaşayış evinə düşüb. Nəticədə ev dağılıb. Bildirilib ki, 2016-cı ilin Aprel döyüşləri nəticəsində düşmənin atdığı top mərmisi adıçəkilən evə düşübmüş. Dövlət tərəfindən əsaslı təmir olunan ev ermənilərin atəşkəsi pozması nəticəsində yenidən dağılıb.

N.MƏMMƏDLİ