Göyçay rayonunda hər il təşkil olunan ənənəvi Nar festivalı bu il fərqli formatda keçirilib. Noyabrın 1-də rayon mərkəzində “Göyçaydan Qarabağa!” adlı mərasimlə narla yüklənən karvan ön xətdə olan cəbhə bölgəsinə – hərbçilərimizə göndərilib.
Nar festivalının budəfəki məxsusi mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində qazandığı uğurlardan danışıb. Bildirilib ki, tarixi və əzəli torpaqlarımızın xeyli hissəsi azad olunub. Xalqımız “Biz birlikdə güclüyük” şüarı ətrafında sıx birləşərək Böyük Qələbə gününün heç də uzaqda olmadığına inanır.
Tədbirdə builki Nar festivalının cəbhə bölgəsində olan əsgərlərimizə nar karvanının yola salınması ilə əvəz olunduğu vurğulanıb, rayon sakinlərinin bu tədbiri böyük razılıqla qarşıladığı diqqətə çatdırılıb.
Sonda avtomobil karvanı alqış və cəngi sədaları ilə cəbhə bölgəsinə yola salınıb. Tədbir pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilib.
Beləliklə, Göyçayda sayca 15-ci Nar festivalı işğaldan qurtulan Qarabağa sovqat göndərilməsi ilə yaddaşlarda qalacaq.