AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov Türkiyənin İstanbul şəhərində keçirilən VI Beynəlxalq TÜRKCESS təhsil və sosial elmlər konqresində iştirak edib.

Naxçıvan Bölməsinin mətbuat xidmətindən bildirilib ki, 12 ölkədən elm və təhsil adamlarının qatıldığı onlayn tədbirdə Toğrul Xəlilov “Naxçıvanın Tunc dövrü mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Naxçıvan ərazisindəki qədim yaşayış yerləri və nekropollardan aşkar olunmuş Erkən, Orta və Son Tunc dövrü arxeoloji materiallarından bəhs edilib. Qeyd olunub ki, Maxta, Ovçular təpəsi, Xələc, I Kültəpə, II Kültəpə, Qızılburun, Şahtaxtı və digər abidələrin hər birində Naxçıvanın zəngin tarixi, mədəniyyəti yaşayır. Aşkar olunan arxeoloji materiallar, maddi və mənəvi mədəniyyətimizə aid əldə olunan elmi faktlar Naxçıvanın qədim türk yurdu olduğunu sübut edir.