Amerikanın “CBS” kanalı San-Fransiskodakı azərbaycanlı icma üzvlərinin erməni təcavüzünə və Azərbaycan ərazilərinin işğalına qarşı nümayişi barədə söhbət açıb.

Süjetdə Ermənistan-Azərbaycan münaqişəsi zonasında sentyabrın 27-də döyüşlərin başlandığı və ABŞ-dakı hər iki icmanın təmsilçilərinin bu barədə ictimaiyyəti məlumatlandırmaq uğrunda mübarizə apardıqları bildirilir.

Azərbaycan icmasının nümayəndələri ictimaiyyətin diqqətini çəkmək və hadisələrin birtərəfli işıqlandırılmasına etirazlarını bildirmək üçün San-Fransisko şəhərində yürüş keçiriblər.

Yürüşün təşkilatçısı Nərmin Babayeva telekanala müsahibəsində deyib: “KİV-lər ermənilərin etirazlarını işıqlandırırlar, lakin biz küçələrə çıxdıqda, bizim etiraz aksiyamız az halda işıqlandırılır”. Aksiya iştirakçıları bəyan ediblər ki, 1991-ci ildən başlayaraq ermənilər azərbaycanlıları Dağlıq Qarabağ regionundan sıxışdırıb çıxararaq, regionda etnik təmizləmə aparırlar.

“Biz istəyirik ki, Azərbaycan torpaqlarını işğal edən erməni ordusu bu ərazilərdən çəkilsin, münaqişəyə qədər orada yaşayan azərbaycanlılar öz doğma yurdlarına qayıtsınlar”, - deyə aksiyanın Ayka Ağayeva ad-soyadlı iştirakçısı bildirib.