Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev təşkilatın Baş direktorunun təhsil üzrə müavini Stefania Cianni ilə görüşüb.

A.Qocayev Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribat haqqında məlumat verib. Bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaq ərazilərimizin artilleriya atəşinə tutulması nəticəsində məktəb və bağçalara ciddi ziyan dəyib, 40-dək məktəb yararsız hala düşüb. Ermənistanın Azərbaycanın mülki infrastrukturunu raket atəşinə tutması beynəlxalq humanitar hüquqa, xüsusən də 1949-cu il Cenevrə Konvensiyası və onun Əlavə protokollarına ziddir.

Həmçinin diqqətə çatdırılıb ki, Ermənistan tərəfdən hərbi əməliyyatlara uşaqlar cəlb edilir. Bununla beynəlxalq uşaq hüquqlarını da kobud şəkildə pozan Ermənistan, eyni zamanda uşaqların döyüşçülər kimi hərbi hədəf ola biləcəyini bilərək, bu yolla qəsdən gələcəkdə Azərbaycana qarşı ittihamlar səsləndirmək niyyətindədir.

UNESCO rəsmisinə Ermənistan ordusunun Bərdə şəhərini atəşə tutması nəticəsində 20-dən çox mülki şəxsin öldüyü, 70-dən çoxunun isə yaralandığı barədə məlumat verilərək, hadisəyə dair müvafiq fotolar təqdim edilib.

S.Cianni şagirdlərin həlak olmasından təəssüfünü ifadə edib, UNESCO tərəfindən hadisələrin yaxından izlənildiyini və öz mandatları çərçivəsində şagirdləri və tələbələri, ümumilikdə təhsili müdafiə etməyə hazır olduqlarını deyib.