İsveçin paytaxtı Stokholmda bu ölkədə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü təşkil olunub.

Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş 40-a yaxın müxtəlifnövlü nəqliyyat vasitəsi Stokholmun Strandvagen bulvarından başlayaraq şəhərin əsas küçələrinə yürüş edib.

Yürüşdə iştirak edən avtomobillər üzərində “Qarabağ Azərbaycandır!” kimi şüarlar yerləşdirilib. İştirakçılar yerli ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsindəki Azərbaycanın haqlı mövqeyinə yönəltməyə çalışıblar.

***

Şotlandiyanın Aberdin şəhərində yaşayan azərbaycanlılar Saint Nicholas kilsəsinin qarşısında icazəli aksiya keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, aksiya iştirakçıları Gəncə və Bərdə şəhərlərində, eləcə də ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin qətlə yetirilməsini pisləyiblər.

Aberdin şəhərində təhsil alan gənclərin və azərbaycanlı icmasının təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasətin davamıdır. Aksiyada müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!” “Uşaq ölümünə son!”, “Erməni terrorçuluğuna son!”, “Ermənistan – BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.